Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə Respublikada iqtisadiyyatın əsas prioritet istiqamətləri üzrə yerinə yetiriləcək tədbirləri, görüləcək işləri və hədəfləri müəyyən etmişdir. İnkişafın bir çox istiqamətlərində, o cümlədən, energetikada həyata keciriləcək əsas işlərin müddəti 2030 cu il göstərilmişdir. Məsələn, energetikada 2030-cu ilədək elektrik enerjisi istehsalında alternativ enerjidən istifadənin payının 30%-ə qaldırılması hədəf olaraq nəzərdə tutulmuş və bu istiqamətdə ciddi tədbirlər həyata keçirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 5 iyun tarixində “Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasının (WUF13) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” imzaladığı xüsusi Sərəncamın 2.1 bəndinə uyğun olaraq müvafiq Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf strategiya istiqamətlərindən biri kimi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, memarlıq və şəhərsalma fəaliyyətlərinin prioritet istiqamətləri müəyyənləşdirilmişdir. Bu istiqamətə diqqəti daha da artırmaq üçün Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli, 858 saylı Sərəncamı ilə 2026-cı il Respublikamızda “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir.
Yeri gəlmişkən deyək ki, Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövr Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olaraq yaddaşlarda qalmaqdadır. Tarixən Azərbaycanda şəhərsalma ənənəsi olmuş, şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü və uzaqgörənliyi sayəsində bu istiqamətdə vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlı inkişafı təmin edilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bacarığı sayəsində Azərbaycanda bir çox strateji, monumental obyektlərin tikintisini həyata keçirmək mümkün olmuşdur. Belə obyektlərdən biri də ölkəmizin iqtisadiyyatında böyük rolu olan Qafqazın enerji nəhəngi “Azərbaycan İES”-dir. Azərbaycanda müstəqilliyin ilk illərində Respublikanın elektrik enerjisinə olan tələbatının 60%-ni təmin edən bu Elektrik Stansiya məhz Heydər Əliyevin sayəsində tikilib ərsəyə gəlmişdir. “Azərbaycan İES”-in birinci blokunun işə buraxılması münasibətilə 20 oktyabr 1981-ci il tarixdə Ulu Öndərin Mingəçevirə gəlişini və açılışda çıxışının şahidi olduğumu xatırladıqca qürur duyuram.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da şəhər quruculuğu və şəhərsalma işlərində yeni təzahürlər, ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermiş və bu proses müasir tələblərə uyğun davam etməkdədir.
Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin hakimiyyətə gəlişinin ilk illərindən başlayaraq şəhərsalma və memarlıq işlərinə xüsusi diqqət yetirilmiş, paytaxtda və regionlarda yeni və müasir memarlıq incilərinin tikintisinin reallaşmasına nail olunmuş və olunmaqdadır. 30 ildən artıq işğal altında qalaraq erməni vandalları tərəfindən xarabalığa çevrilmiş ərazilərimizdə 44 günlük Vətən müharibəsinin Zəfərindən sonra həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Dövlətimizin memarlıq və şəhərsalmaya diqqət və qayğısının bariz nümunəsidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “Yaşıl enerji” zonası elan edilərək bu ərazilərdə dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin “yaraları sarınaraq” əvvəlki siması bərpa edilmiş, memarlıq üslubunun qorunub saxlanılmasına müvəffəq olunmuşdur. Milli iradənin təzahürü olaraq Qarabağ zonasında qədim şərq üslubunu özündə etiva edən, müasir tələblərə cavab verən yeni memarlıq nümunələrinin tikintisi geniş vüsət almışdır.
Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də durmadan yenidənqurma işləri ilə paralal müasir üslublu obyektlər tikilməsi, yeni parkların salınması ilə Nur şəhərimiz daha da gözəlləşdirilib nurlandırılır. Nümunə olaraq, Kürün sahilində yaraşıqlı “Ağ saray”, “Asan xidmət kompleksi” və zövqlə salınmış Sahil parklarını seyr etmək ruhları oxşayır. Mingəçevir Azərbaycanın gənc yaşayış məntəqələrindən biri olmaqla 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Mingəçevir şəhərinin salınmasında, tikintisində və abadlaşmasında əməyi olan insanlardan bir neçəsini yada salsaq, həm onları çağdaş gəncliyə tanıtmaqla ruhlarını şad edər, həm də müasir gəncliyi yadda qalma yolunu seçməyə söbq etmiş olarıq. Çünki körpülər quraşdıran, yollar salan, əzəmətli tikintilərə rəhbərlik edən, elmi ilə bəşəriyyətə töhfələr verən, vətən yolunda canını sipər edən, fəthləri ilə şöhrət qazanan və xeyirxahlıqda seçilən insanlar xalğın mənəvi dəyərlərı olmaqla qəlblərdə yaşamağa layiqdir və yaşayacaqlar.
Mingəçevir şəhərinin salınmasında 1945-ci ildə inşasına başlanılmış və 1954-cü ildə işə salınmış, Respublikamızda dövrünün ən böyük Elektrik Stansiyası olan SES-in tikilməsinin böyük rolu olmuşdur. Təsadüfi deyil ki, Mingəçevirin qurucularından söhbət düşəndə, hər kəsdən öncə SES-in tikintisinə rəhbərlik etmiş İslam Məmməd oğlu İslamzadənin adı qürur və iftixarla çəkilir. İxtisasca mühəndis olan İ.İslamzadə bacarığı, istedadı, fədakarlığı və uzaqgörənliyi ilə nur şəhəri, gözəl Mingəçevirin təməlini qoyanların öndəri sayılır. Daha yaşlı sakinlərdən eşitdiyimə görə, İslamzadə tikinti ərazisindən material aparanlara mane olmazmış. Deyərmiş ki, qoy aparsınlar, axı onlar şəhəri tikmək üçün aparırlar. Belə xüsusiyyət ancaq böyük şəxsiyyətlərə məxsus olan bir uzaqgörənlikdir.
İ.İslamzadədən sonra Kür çayı üzərində 2-ci bir körpünün tikintisində danılmaz əməyi olan Boris Qurban oğlu Məmmədovu xatırlamamaq günah olar. Bu işgüzar insan bu gün də fəaliyyətdə olan, şəhərin sağ və sol sahilini birləşdirən, şərq və qərb bölgələrini əlaqələndirən böyük, strateji əhəmiyyətli körpünün qurucusu olmuşdur. Körpüdən aşağıda sol sahil parkının salınması, şəhər stadionunun tikintisi də B.Məmmədovun təşəbbüsünün və zəhmətinin bəhrəsidir.
Görəsən dekarasiyasına görə Respublikamızda 1-ci yer tutan Mingəçevirdə yaşıllıqların yaradılması və qorunması, geniş, yaraşıqlı küçələrin, parkların təmiz saxlanması ənənəsi kimdən miras qalmışdır?.. Hər bir yaşlı nümayəndə bu suala cavab olaraq, Xalq Deputatları Sovetinin sədri işləmiş, olduqca zəhmətkeş və tələbkar Züleyxa xanımın adını çəkəcək. Bu gün kölgəsində dincəldiyimiz, şəhərə xüsusi yaraşıq verən ağacların əkilib ərsəyə gətirilməsi onun fədakar əməyinin yadigarıdır.
1970-ci illərin sonu əhalinin yaşayış səviyyəsinin çətinliklərlə məruz qaldığı bir dövr idi. Belə bir vaxtda boz dağın ətəyində yerləşən istifadəsiz sahələrin suvarma sistemi ilə təmin edilib bağ yeri kimi zəhmətkeşlərə paylanması, əhalinin rifah halının yaxşılaşdırılmasına, eyni zamanda, boz çöllərin yaşıllaşdırılmasına səbəb oldu. Bu təşəbbüsün sahibi və icrasının təminatçısı olan Yusif Nəbiyevi unutmaq olarmı? Y.Nəbiyev gül-çiçək həvəskarı idi. O, şəhərin gözəlliyinə xüsusi diqqət yetirər, xüsusən Kürün ətrafında bitən qamışları ləğv edib gül-çiçək əkdirərdi. Əfsus ki, çayın sağ sahilinin abadlaşdırılması barədə onun düşüncələrinin və planlarının həyata keçməsinə əcəl imkan vermədi.
Mingəçevirdə bir neçə abidənin təşəbbüskarı və inşasının təminatçısı olmuş Məhəbbət Qarabağlını yada salmamaq qəbahət olar. M.Qarabağlı “Ana dili”, “Xocalı soyqırımı” və “Müstəqillik abidəsi” kimi irs qoymaqla demək olar ki, özünü də abidələşdirmişdir. Şəhərin çimərlik zonasında “Atəşgah” adlanan, o dövr üçün qeyri-adi abidənin tikintisinə görə təşəbbüskarı və inşasına şəxsən rəhbərlik etmiş Aydın Məmmədov da rəhmətlə yad edilir.
Energetik olaraq, Mingəçevirin nur şəhəri statusu almasına səbəb olan, tikintisində, sonra isə istismarında çalışdığım Qafqazın enerıi nəhəngi “Azərbaycan İES” (Azərbaycan DRES) kimi bir tikintinin ərsəyə gəlməsində böyük əməyi olan insanları da yada salmaq yerinə düşər. Tikintinin direktoru Süleyman Lətifov, “Azərenerji”nin direktoru Müslüm İmanov, şəhər İcraiyyə Komitəsinin sədri Vəli Hüseynov, Azərenerji Tikintinin direktoru Rəsul Həmidov, onun müavini Baba Eyubov və QQİ-nin Mingəçevir Quraşdırma İdarəsinin rəisi Məstan Cəfərovun fədakar əməyi danılmazdır. Tikintisi 1974-cü ildə başlayan bu nəhəng obyektdə 1 sentyabr 1975-ci il tarixdə işə qəbul olundum və demək olar ki, iş fəaliyyətimin əsas hissəsini bu müəssisədə keçirdim. Həmin vaxt idarəmiz Səməd Vurğun bağının yanında yerləşən “köhnə sudun binası” adlanan yerdə (bu bina sökülüb) yerləşirdi. Tikintidə gedən bütün proseslər gözümün önündə baş verdiyindən adlarını çəkdiyim insanların şahidi olduğum rolunu və əməyini qeyd etməmək nankorluq olardı. Qoy adları çəkilməyən və bu işdə zəhməti olan digər insanlar məndən inciməsin. Onların sayı yüzlərlədir, ancaq burada daha yüksək səviyyəsində xüsusi əməyi olan şəxslərdən bəhs edilmişdir.
Mən aşiq bizim qala,
Tikmişik bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Elə bil bu deyim yuxarıda adlarını çəkdiyim Mingəçevir qurucularının adından deyilmişdir. Onların sayəsində bu şəhərdə rəngarəng arxitekturalı gözəl binalar, dəyərli obyektlər tikilmiş, geniş, işıqlı və yaraşıqlı parklar, yollar salınmışdır. Nə xoş ki, qoyulmuş gözəl ənənə sayəsində şəhərimizdə müasir tələblərə cavab verən, zövqlü memarlıq üslubuna malik obyektlərin tikilmə prosesi davam etməkdədir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü,