Mingəçevir Dövlət Universitetində iqlim dəyişkənliyinin qlobal təsirləri və onun ərzaq təhlükəsizliyi ilə qarşılıqlı əlaqəsinə həsr olunmuş seminar təşkil edilib. Tədbirin əsas məqsədi iqlim dəyişikliklərinin kənd təsərrüfatı sektoruna, qida istehsalına və əhalinin ərzaq təminatına təsirini diqqətə çatdırmaq olub.
Seminar çərçivəsində iqlim dəyişkənliyinin yaratdığı əsas risklər – su ehtiyatlarının azalması, torpaq münbitliyinin zəifləməsi və məhsuldarlığın aşağı düşməsi kimi məsələlər geniş şəkildə müzakirə edilib. Bununla yanaşı, dayanıqlı kənd təsərrüfatı üsullarının tətbiqi, innovativ yanaşmaların rolu və ekoloji tarazlığın qorunmasının vacibliyi xüsusi vurğulanıb.
Tədbir zamanı iştirakçılara iqlim dəyişikliklərinə uyğunlaşma strategiyaları, təbii resurslardan səmərəli istifadə imkanları və gələcəkdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülə biləcək tədbirlər barədə ətraflı məlumat təqdim olunub.
İnteraktiv formatda keçirilən seminar zamanı iştirakçıların mövzu ilə bağlı fikir və təklifləri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər cəmiyyətin ekoloji məsələlərə həssaslığının artırılması, davamlı inkişafın təmin edilməsi və gələcək nəsillər üçün sağlam mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.