Mingəçevir Dövlət Universitetində “Qərbi Azərbaycan həqiqətləri: tarixi faktlar və müasir çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

10 aprel 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Qərbi Azərbaycan həqiqətləri: tarixi faktlar və müasir çağırışlar” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbir universitetin Tarix kabinetində keçirilib.

Dəyirmi masanın keçirilməsində əsas məqsəd Qərbi Azərbaycanın tarixi reallıqlarının elmi əsaslarla araşdırılması, azərbaycanlıların bu ərazilərdən deportasiyası məsələlərinin işıqlandırılması, həmçinin mövcud müasir çağırışların müzakirə olunması olub.

Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova Qərbi Azərbaycan məsələsinin həm tarixi, həm də siyasi baxımdan aktual olduğunu diqqətə çatdırıb. Bildirib ki, azərbaycanlıların doğma torpaqlarından deportasiyası və onların hüquqlarının bərpası məsələsi bu gün də aktuallığını qoruyur və elmi müstəvidə geniş şəkildə tədqiq olunmalıdır.

Daha sonra araşdırmaçı tələbələrin məruzələri dinlənilib. Məruzələrdə Qərbi Azərbaycanın qədim və orta əsrlər tarixi, Çar Rusiyasının köçürmə siyasəti, XX əsrin əvvəllərində baş verən hadisələr, 1948–1953-cü illər deportasiyası, tarixi toponimlərin dəyişdirilməsi, mədəni irsin taleyi, XX əsrin sonlarında azərbaycanlıların məcburi köçü kimi mühüm məsələlər geniş şəkildə təhlil olunub.

Eyni zamanda, Qərbi Azərbaycan məsələsinin beynəlxalq hüquq kontekstində araşdırılması, deportasiya və etnik təmizləmə siyasətinin siyasi-hüquqi mahiyyəti, eləcə də azərbaycanlıların geri qayıdış hüququnun beynəlxalq təcrübə əsasında qiymətləndirilməsi mövzularına xüsusi diqqət yetirilib.

Məruzələr ətrafında aparılan müzakirələr zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, elmi yanaşmalar və təkliflər səsləndirilib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququ ilə bağlı fikirlər də diqqətə çatdırılıb.

Sonda belə elmi tədbirlərin keçirilməsinin gənclərin tarixi yaddaşının formalaşması, milli kimlik şüurunun gücləndirilməsi və aktual məsələlərin elmi müstəvidə müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.