Mingəçevir Dövlət Universitetində dayanıqlı inkişaf, yaşıl idarəetmə və ekoloji liderlik istiqamətində institusional yanaşmaların gücləndirilməsi məqsədilə “Green Leadership Decision Lab” adlı interaktiv sertifikat proqramı keçirilib. Təlim Mingəçevir Dövlət Universiteti Ömürboyu Təhsil Məktəbinin Mühəndis Təkmilləşdirmə və Sertifikatlaşdırma Mərkəzi tərəfindən təşkil olunub.
Universitetin yaşıl kampus idarəçiliyi, innovativ ekoloji yanaşmalar və beynəlxalq dayanıqlılıq standartlarına uyğun inkişaf strategiyası çərçivəsində təşkil olunan təlimdə tələbələr, akademik heyət, inzibati əməkdaşlar və məzunlar həmçinin müxtəlif sahələr üzrə iştirakçılar aktiv şəkildə iştirak ediblər. Beynəlxalq “decision lab”, “strategy simulation” və “sustainability innovation sprint” metodologiyalarına əsaslanan proqram çərçivəsində iştirakçılar real ekoloji problemlərin həlli, resursların səmərəli idarə olunması, enerji və su qənaəti modelləri, tullantıların idarə olunması və yaşıl innovasiya həlləri istiqamətində praktiki fəaliyyətlər həyata keçiriblər.
Sessiyanın əsas məqsədi universitet mühitində yaşıl liderlik düşüncəsinin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması, dayanıqlı qərarvermə bacarıqlarının inkişaf etdirilməsi və müasir “Green Campus” idarəetmə modelinin təşviq olunması olub.
Təlim zamanı iştirakçılar universitet və şəhər mühitində mövcud ekoloji problemlərin müəyyənləşdirilməsi və onların xəritələndirilməsi istiqamətində interaktiv müzakirələr aparıblar. Sessiya çərçivəsində enerji sərfiyyatının optimallaşdırılması, karbon emissiyalarının azaldılması və ağıllı enerji idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı müxtəlif qərarvermə simulyasiyaları həyata keçirilib.
Eyni zamanda iştirakçılar su resurslarının qorunması, dayanıqlı su istifadəsi və yaşıl nəqliyyat həlləri üzrə praktik yanaşmaları müzakirə edib, universitet kampusunda tətbiq oluna biləcək innovativ modellər irəli sürüblər. Təlim çərçivəsində tullantıların çeşidlənməsi və geri emalı istiqamətində effektiv idarəetmə üsulları təhlil olunub, eləcə də iştirakçılar tərəfindən universitet üçün müxtəlif innovativ yaşıl startap ideyaları hazırlanaraq təqdim edilib.
Proqram çərçivəsində iştirakçılar universitet rəhbərliyi modeli əsasında formalaşdırılmış böhran ssenarilərində operativ və uzunmüddətli ekoloji qərarlar qəbul edib, yaşıl investisiya prioritetləri və dayanıqlı inkişaf istiqamətləri üzrə müzakirələr aparıblar.
Təlimin fərqləndirici xüsusiyyətlərindən biri iştirakçıların yalnız dinləyici deyil, birbaşa qərarverici və innovativ həll hazırlayan tərəf kimi prosesə cəlb olunması olub. Sessiya zamanı universitet kampusunun gələcək dayanıqlı inkişaf modeli üzrə müxtəlif praktik təkliflər səsləndirilib.
Tədbirin sonunda iştirakçılar yaşıl davranış modellərinin gündəlik fəaliyyətə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıb, dayanıqlı universitet mühitinin formalaşdırılması istiqamətində təşəbbüslər irəli sürüblər. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.