Mingəçevir Dövlət Universitetində korrupsiyaya qarşı mübarizə mövzusunda elmi-praktik seminar keçirilib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” ilə əlaqədar görüləcək işlər mövzusunda elmi-praktik seminar keçirilib.

Seminarın əsas məqsədi universitet əməkdaşları arasında korrupsiyaya qarşı mübarizə, şəffaflıq, etik davranış prinsipləri və hüquqi maarifləndirmə istiqamətində bilik və məlumatlılığın artırılması, bu sahədə institusional yanaşmaların gücləndirilməsi olub.

Tədbiri giriş sözü ilə MDU-nun Elmi tədqiqat və innovasiya şöbəsinin müdiri Ramil Həsənov açaraq korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyində, təhsil mühitində və ictimai münasibətlərdə mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Seminar çərçivəsində müxtəlif mövzularda təqdimatlar dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “Korrupsiya nədir və korrupsiyaya qarşı mübarizənin hüquqi mexanizmləri” mövzusunda çıxış edərək hüquqi tənzimləmə mexanizmləri və bu istiqamətdə mövcud yanaşmalar barədə məlumat verib.

Daha sonra MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru Hüseyn Əsgərov “Cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda korrupsiyaya qarşı ictimai şüurun formalaşdırılması, etik dəyərlərin təşviqi və vətəndaş məsuliyyətinin artırılması məsələlərinə toxunulub.

Seminar çərçivəsində MDU-nun İnsan resursları şöbəsinin Təlim və inkişaf üzrə mütəxəssisi Arzu Ələkbərova “İşçilərdə korrupsiyaya qarşı mübarizə barədə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin keçirilməsi” mövzusunda çıxış edərək universitetdə maarifləndirici fəaliyyətlərin əhəmiyyəti və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılarla müzakirələr aparılıb, mövzu ilə bağlı fikir mübadiləsi həyata keçirilib və videomaterial nümayiş olunub.

Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və MDU-da şəffaf, məsuliyyətli və etik idarəetmə mühitinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib.