You are currently viewing Turizm tələbələri üçün yeni imkanlar: Mingəçevir Dövlət Universiteti Hotel Naftalan LLC ilə əməkdaşlığa başlayır

Turizm tələbələri üçün yeni imkanlar: Mingəçevir Dövlət Universiteti Hotel Naftalan LLC ilə əməkdaşlığa başlayır

  • Post category:MDU xəbərləri

2025-ci il noyabrın 20-də Mingəçevir Dövlət Universiteti (MDU) ilə Hotel Naftalan LLC arasında xidmət sahələri üzrə peşəkar mütəxəssislərin hazırlanması istiqamətində (Turizm menecmenti, Tur bələdçiliyi və Turizm və qonaqpərvərlik ixtisasları üzrə) birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum tələbələrin təcrübələrə cəlb olunmasını, onların nəzəri biliklərini turizm və qonaqpərvərlik sahəsində real iş mühiti ilə inteqrasiya etməklə praktiki bacarıqlarının artırılmasını, həmçinin regional xidmət sektorunda innovativ yanaşmaların və tədqiqat təşəbbüslərinin təşviqini hədəfləyir.

Bu münasibətlə MDU-nun akademik məsələlər üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Naftalan şəhərində yerləşən Hotel Naftalana səfər edib.

İmzalanma mərasimindən sonra nümayəndə heyəti hotelin müasir infrastrukturu və sağlamlıq turizmi sahəsində peşəkar fəaliyyəti ilə tanış olub. Görüş zamanı müalicəyönümlü xidmət modelləri, qonaqpərvərlik sahəsində praktik proseslər, xidmət standartları və tələbələr üçün yaradılacaq praktiki təlim imkanları barədə müzakirələr aparılıb.

Xüsusilə tələbələrin hotel və sağlamlıq turizmi müəssisələrində təcrübə keçmələrinin təşkili, sahə üzrə mütəxəssislərin universitetə qonaq mühazirəçi qismində dəvət olunması, həmçinin bu istiqamətdə birgə təlim və tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinə diqqət yetirilib.

Bu əməkdaşlıq MDU tələbələrinə real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlar əldə etmək və gələcək karyera imkanlarını genişləndirmək üçün mühüm platforma yaradacaq.

Qeyd edək ki, Hotel Naftalan LLC cari ilin 24 oktyabr tarixində MDU tərəfindən təşkil olunan “Regional University–Industry Cooperation Summit 2025” tədbirində iştirak edib və tərəfdaşlığın əsası ilk dəfə həmin platformada müzakirə olunaraq formalaşdırılıb.