Qiyabi tələbələr üçün fərdi inkişaf imkanlarının genişləndirilməsi yönündə intensiv inkişaf kurslarına start verilib

Mingəçevir Dövlət Universitetində qiyabi təhsil alan tələbələr üçün fərdi inkişaf imkanlarının genişləndirilməsi, nəzəri biliklərin praktik bacarıqlarla tamamlanması və əmək bazarının müasir tələblərinə uyğun peşəkar hazırlığın gücləndirilməsi məqsədilə intensiv inkişaf kurslarına start verilib.

Universitetin Ömürboyu Təhsil Məktəbi tərəfindən təşkil olunan kurslar iki həftə müddətində həm əyani, həm də onlayn formatda davam etdiriləcək. Müxtəlif istiqamətləri əhatə edən təlim proqramlarının əsas məqsədi tələbələrin ixtisas biliklərinin zənginləşdirilməsi, rəqəmsal və peşəkar bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların gələcək karyera imkanlarına daha hazırlıqlı şəkildə inteqrasiyasına dəstək göstərməkdir.

İlk təlim günü çərçivəsində mühasibatlıq istiqaməti üzrə dərslər MDU-nun İqtisadiyyat kafedrasının müəllimi Aytən Nadirova tərəfindən aparılıb. Təlim zamanı iştirakçılara mühasibat uçotunun əsas prinsipləri, maliyyə sənədləri ilə işləmə bacarıqları və sahə üzrə praktik yanaşmalar barədə məlumat verilib.

Həmin gün tələbələr, həmçinin “Web 3 alətləri və Google Office texnologiyaları” mövzusunda keçirilən təlimdə iştirak ediblər. MDU-nun İnformasiya texnologiyaları kafedrasının müəllimi Nərmin Əhmədova tərəfindən aparılan təlimdə iştirakçılara müasir rəqəmsal alətlər, onlayn iş mühiti, Google Office texnologiyalarından səmərəli istifadə və rəqəmsal bacarıqların gündəlik təhsil və peşə fəaliyyətində tətbiqi imkanları izah olunub.

İnteraktiv formada təşkil olunan təlimlərdə tələbələrin sualları cavablandırılıb, mövzular üzrə praktik nümunələr təqdim edilib və iştirakçıların biliklərinin tətbiqyönümlü şəkildə möhkəmləndirilməsinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, intensiv inkişaf kursları qiyabi təhsil alan tələbələrin universitet həyatı ilə daha fəal əlaqələndirilməsi, onların fərdi inkişafına dəstək göstərilməsi və ömürboyu təhsil yanaşmasının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Mingəçevir Dövlət Universitetində tələbələrin fərdi və peşəkar inkişafını dəstəkləyən, müasir bacarıqların formalaşdırılmasına xidmət edən təlim və maarifləndirici tədbirlərin qarşıdakı günlərdə müxtəlif istiqamətlər üzrə davam etdirilməsi nəzərdə tutulur.