Ağdam rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir

  • Post category:Xəbərlər (AZ)

Ağdam rayonunun Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il keçir

AZƏRTAC tərəfindən hazırlanmış materialı təqdim edirik

Bakı, 23 iyul, AZƏRTAC

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Azərbaycanın suverenliyini kobud şəkildə pozaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistan SSR-yə birləşdirilməsi haqqında Konstitusiyaya zidd daha bir qərar qəbul etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu – 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistan ilə həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. SSRİ rəhbərliyinin himayədarlığı sayəsində Ermənistan Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatları genişləndirməklə yanaşı, 1988-ci ildən – 1991-ci ilin sonunadək Azərbaycanın Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarına 304 dəfə silahlı hücum etmiş, 1249 dəfə kütləvi artilleriya atəşinə tutmuş, nəticədə 411 nəfər öldürülmüşdü. Hücumlar Naxçıvan, Sədərək və Ordubad istiqamətlərində də edilmişdi. Halbuki, adı çəkilən və Ermənistanla sərhəddə yerləşən bu rayonların ermənilərin ərazi iddiası olan Dağlıq Qarabağa aidiyyəti yox idi. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün təkcə Dağlıq Qarabağla məhdudlaşmadığını göstərirdi.

1991-ci il oktyabrın sonu – 1992-ci ilin əvvəllərində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, Salakətin, İmarət-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik, azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi, əhalisi təcavüzə və soyqırımına məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşdü. XX əsrin sonunda – 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa şəhəri və rayonun 30 kəndi işğal edilmişdir.

27 il əvvəl – 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan kənarda yerləşən qədim Azərbaycan şəhəri Ağdamı və onun kəndlərini işğal etdilər. Nəticədə, 1154 kvadratkilometr ərazisi, işğal zamanı 165 mindən çox nəfər əhalisi və 123 kəndi olan Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsi və 44 kəndi Azərbaycanın nəzarətindədir və həmin ərazilərdə 100 minə yaxın əhali (onlardan 50 min nəfərdən çoxu məcburi köçkündür) yaşayır. Ağdam şəhəri və 123 kəndin 79-u Ermənistan silahlı qüvvələrinin işğalı altındadır (rayonun 80 faizə qədər hissəsi). Hazırda Ağdam rayonunun 200 mindən çox olan əhalisinin 3/2 hissəsi Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayır. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən döyüşlərdə 5897 nəfər şəhid oldu, 3531 nəfər yaralandı və əlil oldu.

Ağdam rayonu Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında, yəni Qarabağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərb hissəsində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Şimalda Tərtər və Bərdə rayonları, cənubda Xocavənd, şərqdə Ağcabədi rayonu, qərbdə isə Kəlbəcər rayonu və Xocalı şəhəri ilə həmsərhəddir.

Bununla yanaşı, işğal nəticəsində Ağdam rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Aparılan arxeoloji tədqiqatlar zamanı aydın olmuşdu ki, Üçoğlantəpə deyilən yerdə ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə yiyələnmişlər. Rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı eneolit və orta tunc dövrünə aid (e.ə. II minilliyin birici yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkarlanıb.

Tarixi və memarlıq abidələrindən Sarıhacılı kəndindən 3 kilometr cənub-şərqdə Çinartəpə yaşayış yeri (e.ə.II-I minilliklər), Göytəpə kəndinin qərbində Göytəpə yaşayış yeri (tunc dövrü), Papravənd kəndinin cənub-şərqində Güllütəpə – II yaşayış yeri (son tunc dövrü, ilk orta əsrlər), Güllütəpə – I yaşayış yeri (III-XIII əsrlər), Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərliktəpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), Şeyx Nigari türbəsi, türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və türbəsi, iki sandığabənzər abidə (XVI əsr), o cümlədən görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Ağdam şəhərinin Qaraağacı qəbiristanında Uğrulla bəyin türbəsi (XIX əsr), Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, eləcə də rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr məhv edilmişdir.

Bununla yanaşı, Ağdamda bütün dünyada yeganə olan “Çörək muzeyi” ilə yanaşı, tarzən Qurban Pirimovun xatirə muzeyi, Ağdam Şəkil Qalereyası və şəhərin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan Məscid və onun minarələri də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Ümumilikdə, 130-dan çox tarixi abidələr və maddi-mədəniyyət nümunələri yer üzündən silinmişdir.

Bundan əlavə, işğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu fəaliyyət göstərmişdir.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1988-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində ərazi iddiasında olduğunu təsdiq edir.

Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalıb, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşüb. Bütün dövrlərdə olduğu kimi, 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistanın açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması nəticəsində münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini tapmayıb.

Ancaq Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan Azərbaycan Ordusunun dörd il əvvəl – 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə dördgünlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı.

Bu baxımdan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın dövlətinin öz milli maraqları uğrunda, ərazi bütövlüyümüzün bərpa olunmasına nail olmaq üçün sona qədər mübarizə aparacağını bildirib.

{phocagallery view=category|categoryid=420|limitstart=0|limitcount=0}