Şahin Bayramov: Hər birimiz Azərbaycan xalqının ən böyük arzularını reallaşdıran İlham Əliyevlə fəxr edirik (“AZƏRTAC”, 24.12.2021)

  • Post category:Xəbərlər (AZ)

Şahin Bayramov: Hər birimiz Azərbaycan xalqının ən böyük arzularını reallaşdıran İlham Əliyevlə fəxr edirik

 

Bakı, 24 dekabr, AZƏRTAC

Danılmaz həqiqətdir ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin qlobal liderlik və məharətli idarəçilik keyfiyyətləri, müdrik və qətiyyətli siyasəti, yüksək intellekti və əzmkar fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, müstəqil, dayanıqlı, dinamik və hərtərəfli inkişafda misilsiz nailiyyətlər əldə edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bildirib.

O qeyd edib ki, hazırda Azərbaycan müstəqillik tarixinin ən parlaq və şanlı dövrünü yaşayır. Məhz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyi, sarsılmaz dövlət, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı, 30 il işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi, milli qürurumuz qorundu. Möhtəşəm Qələbədən sonra yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində İlham Əliyevin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsi məqsədilə genişmiqyaslı quruculuq işlərinin aparılması hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissləri yaradır. Bu gün hər birimiz Azərbaycan xalqının ən böyük arzularını reallaşdıran İlham Əliyevlə fəxr edir, onun əlamətdar yubiley gününü böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qeyd edirik.

Şahin Bayramov deyib: “Doğum günlərini hər zaman lideri olduğu xalqın sadə nümayəndələri ilə birlikdə keçirən, yüksək təvazökarlığı və milli-mənəvi dəyərlərimizə bağlılığı ilə hər bir vətəndaşımızın böyük rəğbətini qazanan möhtərəm Prezidentimizə dərin ehtiramımızı bildiririk. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi anadan olmasının 60 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Universitetinin kollektivi adından təbrik edir, dövlət başçımıza möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xoşbəxt və firavan gələcəyi naminə yorulmaz və qətiyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Dövlətimizin başçısı, beynəlxalq miqyasda tanınan nüfuzlu siyasətçi, doğma Azərbaycanımızın lideri İlham Əliyevlə qürur duyuruq. Yaşasın Azərbaycan Prezidenti! Yaşasın Ali Baş Komandan!”.