Tədbirdə iki komanda üzrə ümumilikdə 6 spiker və münsiflər heyəti iştirak edib. Debatın keçirilməsində əsas məqsəd alternativ enerji mənbələrinin iqlim dəyişmələrinin azaldılmasındakı rolunu müzakirə etmək, iştirakçıların analitik düşüncə və arqumentasiya bacarıqlarını inkişaf etdirmək olub.
Debat zamanı komandalar mövzuya müxtəlif mövqelərdən yanaşaraq alternativ enerjinin üstünlükləri və qarşıya çıxa biləcək çətinliklər barədə əsaslandırılmış fikirlər səsləndiriblər. Çıxışlarda günəş və külək enerjisi başda olmaqla bərpa olunan enerji mənbələrinin ətraf mühitə təsiri, karbon emissiyalarının azaldılması potensialı və iqtisadi səmərəlilik məsələləri geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, alternativ enerjinin tətbiqi zamanı yaranan texniki və maliyyə problemlərinə də diqqət yetirilib.
Münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları məzmun keyfiyyəti, arqumentlərin əsaslandırılması və təqdimat bacarıqları üzrə qiymətləndirilib. Debatın yekununda ən yaxşı nəticə göstərən komanda müəyyən edilərək mükafatlandırılıb.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və iqlim dəyişmələri ilə mübarizədə alternativ enerji mənbələrinin əhəmiyyəti barədə maarifləndirmənin artırılmasına mühüm töhfə verib.