Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan inamla və üzüağ çıxıb

  • Post category:Xəbərlər (AZ)

Azərbaycan-Türkiyə qardaşlığı bütün sınaqlardan inamla və üzüağ çıxıb

İyirmi birinci əsr öz təlatümləri, qarışıqları ilə insanları sınaqlarla üzləşdirir. Ötən əsrin sonlarında erməni terroru sayəsində Azərbaycan torpaqlarının işğal edilməsi və insanların məcburi köçkün düşməsi xalqımızın, necə deyərlər qəddini əymişdi. Danışıqlar heç bir fayda vermirdi. 2020-ci ilin son aylarında 44 günlük vətən müharibəsində Azərbaycan Ordusunun möhtəşəm qələbə qazanması insanların əyilmiş qürurunu dikəltdi. Bu vətən müharibəsində Türkiyə dövlətinin, xalqının Azərbaycana göstərdiyi dəstək və birbaşa köməklik iki dövlətin bir birinə olan səmimi münasibətlərini üzə çıxardı. Çətin və ağır zamanlarda daim bir-birinə dəstək göstərən Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu sarsılmazdır. Təəssüf ki, bu dostluğu istəməyən, iki dövlətin qüdrətlənməsini həzm edə bilməyən dövlətlər öz riyakarlıqlarını gizlətmirlər. Türkün güclənməsi, dünyada nüfuzunun artması bəzi dövlətlərin rəhbərlərinin qərəzli mövqedən yalan və saxta bəyanatlar verməsinə yol açır. Lakin ədalətin qarşısında heç bir saxtakarlıq qalib gələ bilməz.

Qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı ABŞ Prezidenti C.Baydenin 24 aprel tarixli bəyanatı beynəlxalq münasibətlər sistemində hökmranlıq edən “ikili standartlar” siyasətinin təzahürü hesab edilməlidir. Yüz il bundan əvvəl baş vermiş hadisələr yanlış şəkildə təqdim edilərkən, 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımına hələ də ədalətli qiymət verilməməsi qərəzlilik və ikili standart nümunəsidir. Bu cür bəyanatların məqsədi əgər tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və araşdırma bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir.

Rəsmi Ankara məhz bu mövqedən çıxış edərək öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Lakin məlum olduğu kimi, baş verən hadisələri ört-basdır etmək istəyən, özünü məzlum ölkə kimi qələmə verməyə çalışan Ermənistan həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etməyib.

Bəzi ölkələrin rəhbərlərinin 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdləri qəbuledilməzdir. ABŞ Prezidentinin erməni anım günü ilə bağlı bəyanatı tarixi həqiqətlərin təhrifidir. Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyllərinə ciddi zərər vurduğunu bildirib. Bu cür bəyanatlar qərəzli xarakter daşıyır və konkret ölkələrin siyasi maraqlarına xidmət edir. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar dayanıqlı sülhə təhdid törədir. Qondarma “erməni soyqırımı” məsələsini siyasiləşdirərək gündəmə gətirənlər həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir.

Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib. Lakin ancaq ədalət tərəfdarı olan, heç bir dövlətin torpağının bir qarışında belə gözü olmayan, daim xeyirxah addımlar atan Türkiyə dövlətinə, xalqına böhtan atmaqla onun gücünü sarsıtmaq, inkişafına kölgə salmaq istəyən hər hansı bir dövlət istəyinə çata bilməyəsək. Çünki Allahın ədaləti buna yol verməyəcək.

Tarixə nəzər salanda da görürük ki, təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədilib. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin təzahürü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.

Aprelin 24-də Azərbaycan Prezidenti ilə Türkiyə Prezidenti arasında olan telefon danışığı əsnasında dövlət başçıları ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatını qınayıblar. Bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb və Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb.

Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd olunub. Türkiyə Prezidenti dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O da Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb. Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan xalqı bu bəyanatı qəbul etmir. Sosial şəbəkələrdə, mətbuatda, digər informasiya vasitələri vasitəsi ilə ziyalılar, ictimaiyət nümayəndələri, gənclər öz mövqelərini ifadə edir, Azərbaycan-Türkiyə dostluğunun, birliyinin əbədi olduğunu vurğulayırlar. Böhtanlarla, yalan və həqiqətə uyğun olmayan bəyanatlar verməklə başqa dövlətlərin də fikirlərini çaşdırmaq istəyi də mənasızdır.

Fərəhli haldır ki, Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya 24 aprel tarixində məsələ ilə bağlı birgə bəyanat imzalayaraq, hər zaman qardaş Türkiyənin yanında olduqlarını və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pislədiklərini bəyan etmişlər. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvidə qurulduğunun növbəti sübutu və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür.

Cavanşir Yusubov

YAP Mingəçevir şəhər təşkilatının sədri