Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

  • Post category:Xəbərlər (AZ)

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

 

2021-ci ilin 19 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib. Mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirəyə MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov moderatorluq edib.

BDU-nun “İqtisadiyyat” kafedrasının professoru, iqtisad elmləri doktoru Vahid Abbasov “Aqrar sahənin inkişafının təşkilati-iqtisadi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə kənd təsərrüfatı istehsalının yerləşməsinin mahiyyəti, prinsipləri və səmərəliliyindən bəhs edən professor Azərbaycanın iqtisadi rayonları üzrə aqrar istehsalın mövcud inkişaf vəziyyəti və problemləri haqqında məlumat verib, dövlətin aqrar siyasətinin prioritetlərindən danışıb. Kənd təsərrüfatında ixtisaslaşmanın formaları, iqtisadi əhəmiyyəti və əsas iqtisadi göstəricilərini şərh edən V.Abbasov müasir dünya təcrübəsində aqrar sahədə tətbiq olunan kooperasiya və inteqrasiya əlaqələrinin təşkilati formalarının başlıca xüsusiyyətlərini və üstünlüklərini diqqətə çatdırıb.

Mühazirə iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor V.Abbasova, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, “Ustad dərsləri” layihəsi cari tədris ilində BDU və MDU arasında razılaşdırılmış birgə fəaliyyət planı çərçivəsində həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri ilə yanaşı, birgə konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirlərin təşkilini də özündə ehtiva edir.

{phocagallery view=category|categoryid=774|limitstart=0|limitcount=0}