MDU-da “DIRNA” Erasmus+ layihəsi çərçivəsində keçirilən növbəti görüşdə Gəncə Dövlət Universitetində (GDU) baş tutan yay məktəbi və bu məktəbin tələbələr üçün əhəmiyyəti müzakirə olunub. Layihə koordinatoru Samirə Əhmədova “Açıq elmin əhəmiyyəti” və onun əsasında yaradılmış siyasət barədə ətraflı məlumat verərək, açıq elm prinsiplərinin həm tələbələr, həm də tədqiqatçılar üçün tədqiqat işlərinin inkişafında oynadığı mühüm rolu vurğulayıb. O, GDU-da keçirilən yay məktəbinin tələbələrin tədqiqat bacarıqlarının inkişafı üçün əvəzsiz bir platforma olduğunu qeyd edib.
MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva yay məktəbi ərzində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib. O, layihə çərçivəsində açıq elm siyasətinin tətbiq edilməsi, tədqiqat bacarıqlarının təkmilləşdirilməsi yolları və elmi nəticələrin açıq şəkildə arxivləşdirilməsi mövzularına toxunaraq, tələbələr və müəllimlər üçün bu təcrübənin faydalarından bəhs edib. Aidə Mustafayeva qeyd edib ki, bu cür tədbirlər elm dünyasında daha çox məlumatın əlçatan olmasına və beynəlxalq əməkdaşlıqların artmasına səbəb olur.
Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları kafedrasının müəllimi Məryəm Əsədova da görüşdə universitetin müəllim və tələbə heyətinin suallarını cavablandıraraq, “DIRNA” layihəsinin elm sahəsində yaradıcı yanaşmaları və əməkdaşlıq imkanlarını genişləndirdiyini bildirib. Məryəm Əsədova tədqiqat arxivlərinin yaradılmasının gənc tədqiqatçılar üçün necə faydalı ola biləcəyini xüsusi vurğulayıb.
Bu görüş, “DIRNA” Erasmus+ layihəsi çərçivəsində tədqiqat və tədris mühitində innovativ yanaşmaların tətbiq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir və müəllimlərin elmi potensialını artırmağa xidmət edir.