MDU-da Elm Gününə həsr olunmuş növbəti dəyirmi masa keçirilib

2024-cü il aprelin 1-də Mingəçevir Dövlət Universitetində (MDU) Elm Günü ilə əlaqədar növbəti dəyirmi masa keçirilib. Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllimləri iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov iştirakçıları 27 Mart – Elm Günü münasibətilə təbrik edib, elmi-pedoqoji fəaliyyətlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyev tərəfindən cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq, 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında imzaladığı Sərəncamın elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını, gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını qeyd edib. Bildirib ki, son illərdə bu istiqamətdə MDU-da böyük irəliləyiş müşahidə olunur. Həmçinin V.Əyyubov universitetdə görülən işlərdən danışıb, elm və təhsilə kompleks yanaşmanın verdiyi uğurlu nəticələrdən bəhs edib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli çıxış edərək, 2023-cü il üzrə fakültənin elmi istiqamətdə olan fəaliyyəti barədə məlumat verib. Həmçinin fakültənin kafedra müdirləri Arif Tağıyev və Emiliya Hüseynova rəhbərlik etdikləri kafedranın elmi fəaliyyəti barədə danışıb, elmin inkişafı istiqamətində dövlət səviyyəsində görülən işlərdən bəhs ediblər.

Dəyirmi masa müzakirələrlə davam edib. MDU-da elmi potensialın inkişaf etdirilməsi istiqamətində müxtəlif təkliflər irəli sürülüb, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılması ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.