Mingəçevir Dövlət Universitetində doktorantların, dissertantların və gənc tədqiqatçıların elmi seminarı keçirilib

2026-cı ilin 13 mart tarixində Mingəçevir Dövlət Universitetində Elmi tədqiqat və innovasiya şöbəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Elm Gününə həsr olunmuş doktorantların, dissertantların və gənc tədqiqatçıların elmi seminarı keçirilib.

Elmi seminarda universitetin akademik heyəti, müxtəlif struktur bölmələrinin rəhbərləri, doktorantlar, dissertantlar və gənc müəllimlər iştirak ediblər.

Seminarın açılışında Elmi tədqiqat və innovasiya şöbəsinin müdiri Ramil Həsənov çıxış edərək “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən, eyni zamanda Elm Gününün ölkədə elmi fəaliyyətin inkişafında oynadığı mühüm roldan bəhs edib. O, gənc tədqiqatçıların elmi fəaliyyətə təşviq olunmasının, onların tədqiqat bacarıqlarının inkişaf etdirilməsinin və universitetdə elmi mühitin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Mingəçevir Dövlət Universitetinin Tədris prosesinin təşkili və idarəolunması məsələləri üzrə rektor müşaviri, dosent Ceyhun Mahmudov çıxış edərək elm və təhsilin cəmiyyətin inkişafındakı fundamental rolundan danışıb, universitetlərdə elmi tədqiqat fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

Seminar proqramına uyğun olaraq müxtəlif elmi istiqamətlər üzrə 9 gənc doktorant, dissertant və müəllimin məruzələri dinlənilib. Təqdim olunan mövzular ətrafında geniş müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib və bir sıra təkliflər irəli sürülüb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində doktorantların, dissertantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi, onların tədqiqat potensialının inkişaf etdirilməsi və universitetdə elmi mühitin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif elmi tədbirlər təşkil olunur.