Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib: tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti və institusional inkişaf məsələləri müzakirə olunub

  • Post category:MDU xəbərləri

2026-cı ilin 20 may tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ilinin yaz semestri üzrə növbəti iclası keçirilib. Universitetin Heydər Əliyev Mərkəzində keçirilən iclasda Elmi Şuranın üzvləri və universitetin struktur bölmə rəhbərləri iştirak ediblər.

İclası giriş sözü ilə açan rektor Anar Eminov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verərək onların universitetin strateji inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

İclasda Mühəndislik fakültəsinin fəaliyyəti haqqında hesabat dinlənilib. Fakültədə tədrisin keyfiyyəti, elmi fəaliyyətin təşkili və tələbələrlə aparılan işlər geniş müzakirə olunub, mövcud vəziyyət təhlil edilərək bu istiqamətdə səmərəliliyin artırılması üçün müvafiq tapşırıqlar verilib.

Gündəlikdə yer alan digər məsələ üzrə 2025/2026-cı tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat təqdim olunub. İmtahanların şəffaf, obyektiv və yüksək təşkilati səviyyədə keçirilməsi üçün görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Bununla yanaşı, universitetdə çalışan doktorant və dissertantların elmi-tədqiqat işlərinin mövcud vəziyyəti müzakirə olunub, elmi fəaliyyətin nəticəliliyinin artırılması, beynəlxalq elmi bazalarda nəşr aktivliyinin genişləndirilməsi istiqamətində mühüm məqamlar diqqətə çatdırılıb.

İclasda Tələbə Gənclər Təşkilatının fəaliyyəti haqqında da hesabat dinlənilib. Tələbələrin ictimai fəallığının artırılması, onların sosial, elmi və mədəni inkişafına yönəlmiş təşəbbüslərin genişləndirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Cari məsələlər çərçivəsində universitetin strukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib. Belə ki, Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, Dayanıqlı enerji və regional inkişaf İnstitutu, eləcə də bir sıra şöbə və mərkəzlərin əsasnamə layihələri müzakirə olunaraq təsdiq edilib. Eyni zamanda Psixoloji Sağlamlıq və Davamlı Rifah Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Bununla yanaşı, universitetdə Dayanıqlı Enerji, Tullantı və Karbon İdarəetmə Mərkəzinin yaradılması barədə qərar qəbul olunub ki, bu da ekoloji davamlılıq və yaşıl inkişaf istiqamətində atılan mühüm addım kimi qiymətləndirilib.

İclasda həmçinin 2025/2026-cı tədris ilində I kurs magistrantlarının dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edilib, elmi rəhbərlik mexanizminin təkmilləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Eyni zamanda “Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə və Qazaxıstanın ali təhsil müəssisələrində təhsil alan tələbələrin geri qayıtması üçün zəruri təşkilati məsələlər ilə bağlı qərar qəbul edilib.

İclas çərçivəsində Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının əməkdaşları Rahilə Məmmədova və Günel Yunusovaya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 01.05.2026-cı il tarixli qərarı ilə verilmiş dosent elmi adına dair diplomlar təqdim olunub. Universitetin rektoru Anar Eminov hər iki alimi bu mühüm elmi nailiyyət münasibətilə təbrik edib, onların universitetin elmi-pedaqoji potensialının gücləndirilməsində göstərdikləri xidmətləri yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda rektor Anar Eminov qarşıdan gələn 2026/2027-ci tədris ilin yaz semestrində tələbə və magistrantlar uğurlar arzulayıb, qəbul edilən qərarların universitetdə təhsil keyfiyyətinin yüksəldilməsi, elmi potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlarını verib.