Mingəçevir Dövlət Universiteti beynəlxalq təhsil məkanında uğurla təmsil olunur: Tələbələrimiz mübadilə proqramı çərçivəsində təhsillərini Türkiyə və Qazaxıstanda davam etdirirlər

Mingəçevir Dövlət Universitetinin tələbələri yaz semestrindən etibarən beynəlxalq mübadilə proqramı çərçivəsində Türkiyə Respublikası və Qazaxıstan Respublikasının nüfuzlu ali təhsil müəssisələrində təhsillərini davam etdirirlər. Hazırda tələbələr qəbul olunduqları universitetlərdə dərslərdə iştirak edir, tədris prosesinə fəal şəkildə qoşulurlar və yeni akademik mühitə uğurla inteqrasiya olunurlar.

Mübadilə proqramı çərçivəsində Vüsalə Əliyeva Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Ticarət Universitetində, Nazrin İbrahimova, Şəms İbrahimova, Mələk Yusibova, Gültac Xəlilli və Leyla Əliyeva Elazığ şəhərində fəaliyyət göstərən Fırat Universitetində, Yusif Ələkbərov və Fidan Məmmədli İzmir şəhərində yerləşən Ege Universitetində, Sərxan İsmayılov Karaman şəhərindəki Karamanoğlu Mehmetbey Universitetində, Nurlana Mahmudova isə Qazaxıstan Respublikasının Qaraganda şəhərində yerləşən E.A.Buketov adına Qaraganda Milli Tədqiqat Universitetində təhsil alır.

Qeyd olunan mübadilə imkanları Orhun Mübadilə Proqramı çərçivəsində həyata keçirilir və türk dövlətləri arasında ali təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, akademik mobilliyin genişlənməsinə və ortaq elmi-tədris platformasının inkişafına xidmət edir. Proqram çərçivəsində tələbələr beynəlxalq təcrübə qazanır, fərqli təhsil modelləri ilə tanış olur və peşəkar kompetensiyalarını gücləndirirlər.

Beynəlxalq mobillik təşəbbüsləri ali təhsildə əlçatanlığın genişləndirilməsi, akademik keyfiyyətin artırılması və universitetlərarası strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Mingəçevir Dövlət Universiteti bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək tələbələrinin qlobal akademik mühitdə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına xüsusi önəm verir.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində beynəlxalq mübadilə proqramlarında iştirak imkanlarının artırılması və tələbələrin qlobal akademik mühitə inteqrasiyası universitetin strateji inkişaf xəttində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu proses universitetin 2026-2030-cu illərin əhatə edən İnkişaf Strategiyasına uyğun olaraq aparılır.