2025-ci ilin 29 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində Ekologiya ixtisasının 24 qrupunun tələbələri üçün “Sənaye tullantılarının davamlı idarə edilməsi” mövzusunda interaktiv təlim keçirilib.
Təlim zamanı sənaye tullantılarının ətraf mühitə təsiri, onların təsnifatı, təhlükəli və təhlükəli olmayan tullantıların idarə olunması, eləcə də tullantı idarəçiliyi hiyerarşiyası – qarşısının alınması, təkrar istifadə, təkrar emal, enerji bərpası və zərərsizləşdirmə kimi əsas prinsiplər tələbələrə ətraflı şəkildə izah olunub. Eyni zamanda tələbələr xətti iqtisadiyyatdan dövri iqtisadiyyata keçidin əhəmiyyəti, “yaşıl istehsal”, “yalın istehsal” və “sənaye simbiozu” kimi müasir yanaşmalar barədə məlumatlandırılıblar.
Təlim çərçivəsində qlobal ekoloji problemlər də diqqət mərkəzində olub. Mikroplastiklərin yayılması, PFAS kimi “əbədi kimyəvi maddələr”, elektron tullantılardan qiymətli metalların bərpası (şəhər mədənçiliyi), tullantılardan enerji əldə etmə texnologiyaları (RDF/SRF) və ekoloji ədalətsizlik kimi aktual mövzular geniş müzakirə edilib. Tələbələr təqdim olunan slaydlar və real nümunələr əsasında suallar verərək aktiv fikir mübadiləsi aparıblar.
Təlim Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə baş tutub və kafedranın müəllimi Ayşən Salmanovanın moderatorluğu ilə keçirilib.
Təlimin sonunda iştirakçılar sənaye tullantılarının davamlı idarə olunması sahəsində beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar və ekoloji dayanıqlılıq prinsipləri barədə yeni və faydalı biliklər əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində ekoloji dayanıqlılıq, ətraf mühitin qorunması və yaşıl texnologiyalar istiqamətində keçirilən bu kimi maarifləndirici və praktiki təlimlər tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların müasir ekoloji çağırışlarla yaxından tanış olması və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.