Şüurlu İstehlakdan Yaşıl Gələcəyə: Gənclər üçün Maarifləndirici Seminar

Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən Oğuz rayonunda məktəblilər üçün “Dayanıqlı istehlak və yaşıl kampus” mövzusunda maarifləndirici seminar keçirilib.

Seminarın əsas məqsədi gənc nəslin resurslardan səmərəli istifadə, tullantıların azaldılması və ekoloji məsuliyyət prinsipləri barədə məlumatlılığının artırılması olub. Tədbir çərçivəsində iştirakçılara gündəlik həyatlarında tətbiq edə biləcəkləri davamlı istehlak vərdişləri barədə ətraflı məlumat verilib.

Seminar zamanı birdəfəlik məhsulların istifadəsinin azaldılması, təkrar istifadə və təkrar emalın təşviqi, enerji və su resurslarına qənaət, eləcə də yaşıl kampus yanaşmasının əsas istiqamətləri müzakirə edilib. Qeyd olunub ki, ekoloji davranış modellərinin erkən yaşlardan formalaşdırılması gələcəkdə daha məsuliyyətli və davamlı cəmiyyətin qurulmasına zəmin yaradır.

İnteraktiv formatda keçirilən seminar iştirakçıların fəal iştirakı ilə yadda qalıb, məktəblilər mövzu ətrafında suallar ünvanlayıb və fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti tərəfindən həyata keçirilən bu kimi maarifləndirici təşəbbüslər gənclərdə ekoloji düşüncə tərzinin formalaşdırılmasına, cəmiyyətə və ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqinə xidmət edir.