Mingəçevir Dövlət Universitetində “Enerji saxlama sistemləri və batareya texnologiyalarının inkişafı” mövzusunda seminar keçirilib

12 mart 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsinin, İnformasiya texnologiyaları və Energetika kafedralarının birgə təşkilatçılığı ilə “Enerji saxlama sistemləri və batareya texnologiyalarının inkişafı” mövzusunda elmi seminar keçirilib.

Seminarın açılışında Energetika kafedrasının müdiri Kəmalə Eyyubova çıxış edərək Azərbaycanda “yaşıl enerji” strategiyasının inkişaf perspektivləri və enerji sektorunda rəqəmsal texnologiyaların tətbiqi barədə məlumat verib. Qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi ölkənin enerji siyasətində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsini zəruri edir.

Seminar çərçivəsində müəllim və magistrantların iştirakı ilə energetika sahəsində aktual mövzular üzrə təqdimatlar edilib. İnformasiya texnologiyaları kafedrasının müəllimi Fatma Əliyeva çıxışında bərpa olunan enerji mənbələrinin fasiləli xarakter daşıdığını vurğulayaraq, enerjinin saxlanması və sabit paylanmasının təmin edilməsində müasir batareya texnologiyalarının rolunu təhlil edib.

Leyla Şükürova tərəfindən təqdim olunan məruzədə enerji saxlama sistemlərində ekoloji cəhətdən təhlükəsiz və təkrar emal edilə bilən materialların istifadəsinin əhəmiyyəti qeyd olunub, bu istiqamətdə aparılan tədqiqatların daha təmiz və uzunömürlü enerji həllərinin yaradılmasına imkan verdiyi bildirilib.

Elgiz Mahmudov isə çıxışında dayanıqlı enerji siyasətinin formalaşdırılması və Azərbaycanın gələcək enerji modelinin inkişaf istiqamətləri barədə məlumat verərək, enerji təhlükəsizliyi ilə yanaşı ekoloji davamlılığın təmin olunmasının vacibliyini vurğulayıb.

Energetika kafedrasının magistrantı Sevda Əliyeva bərpa olunan enerji sistemlərində müasir texnoloji yeniliklərə dair təqdimatla çıxış edərək bu sahədə tətbiq olunan innovativ yanaşmalar haqqında məlumat verib.

Seminar zamanı iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzular üzrə müzakirələr təşkil olunub.

Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Qeyd edək ki, bu kimi elmi seminarlar enerji sahəsində aparılan tədqiqatların inkişafına, innovativ ideyaların təşviqinə və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına mühüm töhfə verir.