Mingəçevir Dövlət Universitetində “Enerji təhlükəsizliyi və geosiyasi faktorlar” mövzusunda təlim keçirilib

  • Post category:Energetika

Mingəçevir Dövlət Universitetinin Energetika kafedrasının müəllimləri Alim Nəcəfov və Elsevər Cəfərli tərəfindən tələbələr üçün növbəti maarifləndirici təlim proqramı təşkil olunub.

“Enerji təhlükəsizliyi və geosiyasi faktorlar” mövzusuna həsr edilən təlimdə müasir dövrün ən aktual və qlobal çağırışları geniş şəkildə müzakirə edilib. Təlimçilər tərəfindən tələbələrə enerji resurslarının dünya üzrə paylanması, beynəlxalq enerji marşrutlarının təhlükəsizliyi, eləcə də dövlətlərin enerji siyasətinə təsir göstərən əsas geosiyasi amillər haqqında ətraflı məlumat təqdim olunub.

İnteraktiv formatda keçirilən görüş zamanı qlobal enerji bazarında baş verən dəyişikliklər həm iqtisadi, həm də siyasi aspektlərdən təhlil edilib. Tələbələr mövzu ilə bağlı fikirlərini bölüşüb, onları maraqlandıran suallar təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, bu kimi təlimlərin keçirilməsində əsas məqsəd gələcəyin mühəndis və energetika mütəxəssislərinin yalnız texniki biliklərlə deyil, eyni zamanda qlobal enerji proseslərini düzgün analiz və qiymətləndirmə bacarıqları ilə də təmin olunmasıdır.

Sonda iştirakçılar tərəfindən təlim yüksək qiymətləndirilib, bu istiqamətdə tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb. Universitet rəhbərliyi gələcəkdə də tələbələrin peşəkar inkişafına xidmət edən belə təşəbbüslərin davam etdiriləcəyini bildirib.