Mingəçevir Dövlət Universitetində “İqlim dəyişikliyinin sosial-iqtisadi təsirləri və turizm sektoruna təsiri” mövzusunda təlim təşkil olunub. Təlimdə universitetin professor-müəllim heyəti, tələbələr və turizm ixtisası üzrə təhsil alan gənclər iştirak edərək iqlim dəyişikliklərinin sosial, iqtisadi və turizm sahəsinə təsirləri barədə geniş məlumat əldə ediblər. Təlimdə İqtisadiyyat kafedrasının müəllimləri Rəşad Hüseynzadə və Kənan Abbasov mövzu istiqamətində təqdimat edərək çıxış etmiş və mövzu ətrafında dinləyici auditoriyayla aktiv müzakirə mühiti yaratmışlar.
Təlim zamanı iqlim dəyişikliyi anlayışı, qlobal istiləşmə prosesi və temperatur artımının iqlim sistemində yaratdığı dəyişikliklər izah olunub. Bildirilib ki, son yüzillikdə Yer səthinin orta temperaturunun artması buzlaqların əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə, quraqlıqların və daşqınların intensivləşməsinə səbəb olub. Qeyd edilib ki, alimlərin rəyinə əsasən, son 150 ildə müşahidə olunan sürətli istiləşmənin əsas səbəbi antropogen – yəni insan fəaliyyəti ilə bağlı amillərdir.
Çıxışlarda sənaye və enerji istehsalı, fosil yanacaqların istifadəsi, nəqliyyat və xüsusilə turizm sektorunun karbon izi məsələlərinə toxunulub. Aviasiya və kruiz turizminin yüksək emissiya yaratdığı, kütləvi turizmin isə enerji və su sərfiyyatını artıraraq ətraf mühitə əlavə yük formalaşdırdığı diqqətə çatdırılıb. Eyni zamanda vulkan püskürmələri və Günəş aktivliyi kimi təbii amillərin də iqlimə təsir göstərdiyi, lakin mövcud qlobal istiləşmədə əsas payın insan fəaliyyətinə məxsus olduğu vurğulanıb.
Təlim çərçivəsində iqlim dəyişikliyinin sosial təsirləri – miqrasiya proseslərinin artması, iqlim qaçqınlarının formalaşması, sağlamlıq risklərinin yüksəlməsi və sosial bərabərsizliyin dərinləşməsi kimi məsələlər müzakirə olunub. Həmçinin iqtisadi təsirlər sırasında kənd təsərrüfatında məhsuldarlığın azalması, ərzaq təhlükəsizliyinin zəifləməsi, infrastrukturun zərər görməsi və dövlət büdcəsinə əlavə maliyyə yükünün yaranması xüsusi qeyd edilib.
Turizm sektoruna təsir kontekstində müxtəlif turizm növlərinin iqlim dəyişikliklərinə həssaslığı izah olunub. Dəniz və çimərlik turizmində sahil eroziyası və dəniz səviyyəsinin qalxması, qış turizmində qar örtüyünün azalması və mövsümün qısalması, ekoturizm və dağ turizmində isə meşə yanğınları və biomüxtəlifliyin azalması kimi risklərin mövcud olduğu bildirilib.
Təlimdə dayanıqlı turizm anlayışı və onun əsas prinsipləri – ekoloji məsuliyyət, sosial ədalət və iqtisadi davamlılıq barədə ətraflı məlumat verilib. “Yaşıl otellər”, ekoloji sertifikatlar, enerji səmərəliliyi, suya qənaət sistemləri və tullantıların azaldılması kimi tədbirlərin turizm sektorunda tətbiqinin əhəmiyyəti vurğulanıb. Mövsüm şaxələndirilməsinin turizm gəlirlərinin ilboyu davamlılığının təmin edilməsində mühüm rol oynadığı qeyd edilib.
Eyni zamanda turizm bələdçisinin rolu və məsuliyyəti xüsusi olaraq diqqətə çatdırılıb. Bildirilib ki, bələdçi yalnız məlumat verən şəxs deyil, həm də turistlər arasında ekoloji mədəniyyət formalaşdıran və risklərin idarə olunmasında aktiv rol oynayan əsas fiqurdur.
Təlim interaktiv müzakirə şəraitində davam edib, iştirakçıların sualları cavablandırılıb və qeyd olunub ki, iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı turizm modelinə keçid gələcəkdə Azərbaycanın turizm sektorunun rəqabətqabiliyyətli və ekoloji məsuliyyətli inkişafına mühüm töhfə verə bilər.