Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Karyera və ailə balansı” mövzusunda təlim keçirilib

  • Post category:Pedaqogika

Mingəçevir şəhər 10 saylı orta məktəbin akt zalında Mingəçevir Dövlət Universitetinin (MDU) İbtidai sinif müəllimliyi ixtisasının buraxılış kursunda təhsil alan və hazırda həmin məktəbdə pedaqoji təcrübə keçən tələbələr üçün “Karyera və ailə balansı” mövzusunda təlim təşkil olunub.

Təlim MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Kərimov Aydın tərəfindən keçirilib. Tədbir zamanı gənc müəllim namizədləri ilə müasir dövrdə karyera planlaşdırılması, müəllimlik peşəsində peşəkar inkişaf perspektivləri, həmçinin şəxsi həyat və ailə münasibətləri arasında sağlam balansın qurulmasının əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçılarla müxtəlif praktik nümunələr müzakirə edilib, onların fikirləri dinlənilib və gələcək pedaqoji fəaliyyətlərində istifadə edə biləcəkləri faydalı tövsiyələr təqdim olunub.

Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb və yüksək faydalılığı ilə yadda qalıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin peşəkar bacarıqlarının artırılması, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasının təmin olunması və pedaqoji təcrübə prosesinin səmərəliliyinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq bu kimi maarifləndirici və praktik yönümlü tədbirlər həyata keçirilir.