Mingəçevir Dövlət Universiteti (MDU) və İRİA-nın birgə layihəsi çərçivəsində “Technest” təqaüd proqrami: Elektronika və avtomatika təlimi uğurla davam edir

Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Technest” təqaüd proqramının “Elektronika və avtomatika” təlimi uğurla davam edir. Proqram çərçivəsində nəzərdə tutulan təlimlər 6 ay müddətində keçiriləcək və bu sahədə aparıcı mütəxəssislərdən biri olan TexnoLab şirkətinin peşəkarları tərəfindən aparılır.

Təlim proqramına Mingəçevir Dövlət Universitetinin müəllim və tələbələri ilə yanaşı, ətraf rayonlardan gələn və elektronika və avtomatika sahəsinə maraq göstərən ümumilikdə 24 nəfər cəlb olunub. Bu təlimin məqsədi elektronika və avtomatika sahəsində nəzəri biliklər və praktiki bacarıqlar qazandırmaqla, iştirakçıların müasir texnologiyalarla tanış olmasını və real dünya problemlərini həll etmək bacarıqlarını inkişaf etdirməkdir.

Təlimlər, qabaqcıl texnologiyalara və innovativ yanaşmalara əsaslanaraq, iştirakçıların texniki biliklərini dərinləşdirmək və onların gələcək karyeralarında rəqabət qabiliyyətini artırmaq üçün nəzərdə tutulub. Bu proqram eyni zamanda regional inkişaf strategiyasına dəstək məqsədilə Mingəçevir Dövlət Universiteti və İRİA arasında uğurlu əməkdaşlığın bir nümunəsi olaraq qiymətləndirilir.

MDU rektorluğu və TexnoLab mütəxəssisləri təlimin yüksək səviyyədə təşkil olunmasına xüsusi diqqət ayırır, iştirakçıların maraqlarını və təlim müddətində əldə ediləcək nəticələri nəzərə alaraq, tədrisin keyfiyyətini təmin edirlər. MDU-nun Rəqəmsal inkişaf və layihələrin idarə olunması şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə iştirakçılar müxtəlif layihələr üzərində çalışacaq və təcrübə proqramlarından yararlanmaq imkanına sahib olacaqlar. Proqramın uğurla başa çatması nəticəsində iştirakçılar sertifikatla təltif ediləcək və elektronika və avtomatika sahəsində öz gələcək peşəkar inkişaflarına daha inamla davam edəcəklər.