2026-cı ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetinin Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – Tarixin qanlı gecəsi, unudulmayan haray” mövzusunda seminar keçirilib.
Seminarın açılışında Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu bildirib, bu faciənin dünya ictimaiyyətinə çatdırılmasının və tarixi həqiqətlərin gənc nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyini vurğulayıb. Daha sonra MDU-nun tədris prosesinin təşkili və idarə olunması üzrə müşaviri Ceyhun Mahmudov çıxış edərək Xocalı soyqırımının insanlıq əleyhinə törədilmiş ağır cinayət olduğunu qeyd edib, bu hadisələrin unudulmaması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edib.
Seminar çərçivəsində MDU-nun “Xarici dillər” kafedrasının baş müəllimi Məmmədova Mətanət “Xocalı ilə bağlı xatirələr” mövzusunda çıxış edərək, həmin dövrdə Xocalıda müəllim kimi fəaliyyət göstərdiyi illərə dair şəxsi xatirələrini iştirakçılarla bölüşüb.
Energetika kafedrasının müəllimi Elsevər Cəfərov “Xocalıdan Zəfərə: Ədalətin gecikmiş, amma gerçəkləşən yolu” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan xalqının haqq səsinin beynəlxalq səviyyədə tanıdılması və tarixi ədalətin bərpası istiqamətində görülən işlərdən danışıb.
Fizika və ekologiya kafedrasının müəllimi Aysel Bayramova “Xocalı faciəsi: unudulmayan keçmişdən aydın gələcəyə” mövzusunda çıxış edərək faciənin tarixi-siyasi mahiyyəti və onun gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində oynadığı roldan bəhs edib.
İnformasiya texnologiyaları kafedrasının müəllimi Elgiz Mahmudov isə “Xocalı soyqırımı: Tarixin qanlı yaddaşı və ədalət çağırışı” mövzusunda məruzə təqdim edərək Xocalı həqiqətlərinin beynəlxalq informasiya məkanında daha geniş şəkildə təbliğinin vacibliyini qeyd edib.
Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.
Seminarın sonunda iştirakçılar tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olunub, bu faciənin heç vaxt unudulmayacağı və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyi bir daha vurğulanıb.
Qeyd edək ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən faciəli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qanlı hadisə nəticəsində yüzlərlə dinc sakin amansızlıqla qətlə yetirilmiş, minlərlə insan yaralanmış və əsir götürülmüşdür. Bu faciənin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkəmizdə və xaricdə ardıcıl tədbirlər həyata keçirilir.