MDU-da “OceanLab Hakatonu” – su hövzələrinin çirklənməsinin azaldılmasına həsr olunan startap müsabiqəsi keçirilib

Mingəçevir Dövlət Universitetində ətraf mühitin qorunması, su resurslarının davamlı idarə olunması və ekoloji innovasiyaların təşviqi məqsədilə “OceanLab Hakatonu” adlı startap müsabiqəsi təşkil olunub. Tədbir universitetin Davamlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu, Energetika kafedrası, Fizika və ekologiya kafedrası və Mexanika kafedrasının birgə təşkilatçılığı ilə keçirilib.

Hakatonun əsas məqsədi gənclərin ekoloji problemlərə innovativ və texnoloji yanaşmalar təqdim etməsini təşviq etmək, dəniz və digər su hövzələrində çirklənmənin qarşısının alınmasına yönəlmiş yeni ideyaların formalaşdırılmasına dəstək vermək olub.

Tədbir çərçivəsində iştirakçılar dəniz və su hövzələrində yaranan çirklənmə problemlərini araşdıraraq onların aradan qaldırılmasına yönəlmiş innovativ startap layihələri üzərində çalışıblar. Komandalar plastik tullantıların su mühitindən toplanması, suyun filtrasiya və təmizlənməsi texnologiyalarının inkişafı, ağıllı monitorinq sistemlərinin yaradılması, həmçinin ekoloji məlumatlandırmanı artıran rəqəmsal platformaların hazırlanması kimi müxtəlif istiqamətlərdə layihələr təqdim ediblər.

Hakaton iştirakçıları komandalar şəklində fəaliyyət göstərərək öz ideyalarını konsepsiya mərhələsindən layihə modelinə qədər inkişaf etdiriblər. Tədbir gənclərin analitik düşünmə, komanda işi, innovativ yanaşma və təqdimat bacarıqlarının inkişaf etdirilməsi baxımından da əhəmiyyətli olub.

Hakatonun yekun mərhələsində iştirakçı komandalar hazırladıqları layihələri münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə zamanı layihələrin innovativliyi, texnoloji əsaslandırılması, praktiki tətbiq imkanları və ətraf mühitə müsbət təsiri kimi meyarlar nəzərə alınıb. Münsiflər heyəti tərəfindən seçilən perspektivli layihələr xüsusi qeyd olunub və onların gələcək inkişafı üçün müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, “OceanLab Hakatonu” gənclərin ekoloji problemlərin həllində aktiv iştirakını təşviq edən, universitetdə innovasiya və startap mühitinin inkişafına töhfə verən mühüm təşəbbüslərdən biridir. Bu kimi tədbirlər tələbələrin elmi biliklərini praktik layihələrlə birləşdirməsinə, həmçinin ətraf mühitin qorunması istiqamətində yeni və effektiv ideyaların formalaşmasına imkan yaradır.