“Sülh və multikultural dəyərlər” mövzusunda elmi konfrans

Mingəçevir Gənclər Evində “Sülh və multikultural dəyərlər” mövzusunda elmi konfrans keçirilmişdir. Tədbir Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə baş tutmuş və akademik heyət, müəllimlər, gənc tədqiqatçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Konfransın əsas məqsədi müasir dövrdə sülhün qorunması, multikultural dəyərlərin təşviqi, tolerantlığın gücləndirilməsi və cəmiyyətin sabit inkişafında bu amillərin rolunun elmi müstəvidə müzakirə olunması olmuşdur.

Konfransı giriş sözü ilə Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova açaraq tədbirin əhəmiyyətindən danışmış, müasir dövrdə sülhün və multikultural dəyərlərin qorunmasının aktuallığını vurğulamışdır. O, qeyd etmişdir ki, qloballaşan dünyada mədəni müxtəlifliyin qorunması, tolerantlığın təşviqi və sülh mühitinin möhkəmləndirilməsi prioritet məsələlərdəndir.

Açılış nitqindən sonra mövzuya uyğun hazırlanmış videoçarx nümayiş etdirilmiş, iştirakçılara sülh və multikulturalizm ideyalarının mahiyyəti vizual formada təqdim olunmuşdur.

Konfrans çərçivəsində bir-birindən maraqlı və aktual mövzuları əhatə edən məruzələr dinlənilmişdir. İlham Məmmədov “Sülh anlayışının fəlsəfi mahiyyəti və müasir interpretasiyaları” mövzusunda çıxış edərək sülh anlayışının tarixi-fəlsəfi əsaslarını təhlil etmiş, onun müasir dövrdə yeni məzmun qazandığını qeyd etmişdir.

Nizami Zeynalov “Azərbaycanın sülh siyasəti və regional əməkdaşlıq təşəbbüsləri” mövzusunda çıxışında ölkəmizin regionda sabitliyin təmin olunmasına yönəlmiş siyasətini və beynəlxalq əməkdaşlıq platformalarında oynadığı rolu diqqətə çatdırmışdır.

Şəlalə Quliyeva “Sülh quruculuğunda multikultural dəyərlərin rolu” mövzusunda çıxış edərək multikulturalizmin sülhün təminində mühüm amil olduğunu əsaslandırmış, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin vacibliyini vurğulamışdır.

Gülay Bağırova “Azərbaycanda multikulturalizm ənənələri və tarixi kökləri” mövzusunda məruzəsində ölkəmizdə tarixən formalaşmış tolerantlıq mühitindən bəhs etmiş, multikultural dəyərlərin milli kimliyin ayrılmaz hissəsi olduğunu qeyd etmişdir.

Zəka Əbilbəyli isə “Tolerantlıq və sosial harmoniya: cəmiyyətin sabitliyində rolu” mövzusunda çıxış edərək tolerantlığın sosial sabitliyin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Məruzələrdən sonra geniş müzakirələr aparılmış, iştirakçılar tərəfindən mövzu ilə bağlı müxtəlif fikirlər səsləndirilmiş, suallar cavablandırılmış və elmi mübadilə həyata keçirilmişdir.

Konfransın yekununda qeyd olunmuşdur ki, sülhün qorunması, multikultural dəyərlərin inkişaf etdirilməsi və tolerantlığın təşviqi müasir cəmiyyətin davamlı inkişafı üçün mühüm şərtlərdən biridir. Tədbir iştirakçıları bu istiqamətdə elmi tədqiqatların və maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulamışlar.