MDU-da Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “EcoMind Day: Ətraf mühit və psixoloji rifah” mövzusunda seminar keçirilib

2026-cı ilin 5 iyun tarixində Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş “EcoMind Day: Ətraf mühit və psixoloji rifah” mövzusunda seminar keçirilib.

Tədbirdə universitetin professor və müəllim heyəti, tələbələr, müvafiq sahə üzrə mütəxəssislər və dəvət olunmuş qonaqlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan MDU-nun Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudov Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, ekoloji maarifləndirmə yalnız təbiətin qorunması ilə məhdudlaşmır, eyni zamanda sağlam həyat tərzi, sosial məsuliyyət, psixoloji rifah və dayanıqlı gələcək anlayışlarını da özündə birləşdirir. C.Mahmudov ali təhsil müəssisələrində bu istiqamətdə keçirilən tədbirlərin tələbələrdə ekoloji düşüncə mədəniyyətinin formalaşmasına, onların sosial təşəbbüskarlığının artırılmasına və cəmiyyət üçün faydalı ideyaların yaranmasına mühüm töhfə verdiyini vurğulayıb.

Sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib.

Müalicəvi bədən tərbiyəsi, reabilitasiya və korreksiyaedici hərəkət üzrə mütəxəssis Zərin Quliyeva “Sağlam mühit – sağlam insan” mövzusunda təqdimatla çıxış edib. Məruzədə ətraf mühitin insan sağlamlığına təsiri, fiziki aktivliyin gündəlik həyat keyfiyyətində rolu, sağlam mühitin həm bədən, həm də ruh sağlamlığı üçün əhəmiyyəti barədə məlumat verilib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Azər Hacıyev “Yaşıl həyat tərzi və davamlı istehlak” mövzusunda təlim keçib. Təlimdə resurslardan səmərəli istifadə, israfçılığın azaldılması, ekoloji məsuliyyətli davranış, davamlı istehlak vərdişlərinin formalaşdırılması və yaşıl düşüncənin gündəlik həyat praktikasına çevrilməsi məsələlərinə toxunulub.

8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi və Ekoloji Maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Ülkər Paşayeva “Ekoloji öhdəliklərin və təkliflərin toplanması” mövzusunda məruzə ilə çıxış edib. O, ekoloji problemlərin həllində fərdi və ictimai məsuliyyətin vacibliyini qeyd edərək, gənclərin bu prosesdə fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir “Ətraf mühit və psixoloji rifah” adlı panel müzakirə ilə davam edib. Paneldə şəxsi inkişaf psixoloqu Rza Nəsirov, Ülkər Paşayeva, yaşıl iqtisadiyyat və davamlı inkişaf üzrə elmi tədqiqatçı, ekoloq Ülvi Məmmədov iştirak ediblər. Müzakirələr zamanı ekoloji mühitin insan psixologiyasına təsiri, təbiətlə təmasın stressin azalmasında rolu, şəhər mühitində ekoloji balansın qorunması, yaşıl iqtisadiyyatın sosial rifahla əlaqəsi və gənclərin bu sahədə təşəbbüslərinin dəstəklənməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aysel Bayramovanın moderatorluğu ilə ekoloji maarifləndirmə və interaktiv sual-cavab sessiyası keçirilib. Sessiyada tələbələr ekoloji davranış, tullantıların idarə olunması, təkrar emal, ətraf mühitin qorunması və şəxsi məsuliyyət mövzularında suallar səsləndiriblər.

Ardınca kafedranın müəllimi Natəvan Vəliyevanın moderatorluğu ilə tələbələrin iştirakı ilə ekoloji təşəbbüslərin müzakirəsi aparılıb. Müzakirələrdə tələbələrin yaşıl kampus, tullantıların çeşidlənməsi, ekoloji maarifləndirmə aksiyaları və universitet mühitində davamlı ekoloji layihələrin həyata keçirilməsi ilə bağlı təklifləri dinlənilib.

Seminar çərçivəsində tullantıların çeşidlənməsi və təkrar emalı barədə videoçarx nümayiş olunub. Daha sonra kafedranın müəllimi Şəbnəm İslamovanın müşayiəti ilə tələbələr tərəfindən tullantılardan hazırlanmış geyim nümunələri təqdim edilib. Moda nümayişi iştirakçılar tərəfindən maraqla qarşılanıb və təkrar emalın yaradıcı yanaşmalarla cəmiyyətə təqdim olunmasının mümkünlüyünü nümayiş etdirib.

Tədbir zamanı ekoloji maarifləndirmə məqsədilə hazırlanmış bukletlər və məlumat materialları iştirakçılara paylanılıb. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunub.

Seminar ekoloji düşüncənin formalaşdırılması, sağlam həyat tərzinin təşviqi, tələbələrin sosial məsuliyyət hissinin gücləndirilməsi və ətraf mühitlə psixoloji rifah arasındakı əlaqənin daha dərindən dərk olunması baxımından əhəmiyyətli platforma kimi yadda qalıb.