Qazi Universitetinin professoru MDU-da fəaliyyət göstərəcək

  • Post category:Beynəlxalq

Mingəçevir Dövlət Universitetini (MDU) seçəcək abituriyentlər və subbakalavrlar, MDU ailəsinin bütün üzvləri üçün növbəti xoş xəbəri bölüşürük.

MDU ilə qardaş Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Gazi Üniversitesi arasında əməkdaşlıq davamlı inkişaf edir.

Bu çərçivədə Qazi Universitetinin professoru Cemal Yılmaz 2023/2024-cü tədris ilində MDU-da fəaliyyət göstərəcəkdir. Bununla bağlı MDU-nun rektoru Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib.

Qazi Universitetinin Texnoloji fakültəsi Elektrik və elektronik mühəndisliyi bölümünün professoru olan Cemal Yılmaz bir tədris ili müddətində MDU-da müvafiq sahədə kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsində, mühəndislik ixtisasları üzrə tədrisin təşkili prosesinin təkmilləşdirilməsində və elmi tədqiqatların səmərəliliyinin artırılmasında fəal iştirak edəcəkdir.

Qardaş ölkənin təcrübəli mütəxəssislərinin MDU-da fəaliyyəti üçün göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinə və Gazi Üniversitesinin rəhbərliyinə təşəkkür edirik.

MDU yeni dövrün universitetinə çevrilir!