MDU Almaniyada beynəlxalq yay məktəbində təmsil olunub

2023-ci ilin 21-25 avqust tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) tərəfdaşlıq etdiyi “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar (GEOCLIC)” adlı Erasmus+ layihəsi çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində həyata keçirilmiş yay məktəbində təmsil olunub.

Yay məktəbində sözügedən layihənin MDU üzrə koordinatoru Sənan Mehdi, Tədris şöbəsinin əməkdaşı, Lamiyə İbrahimova və “Fizika və ekologiya” kafedrasının müəllimi Gülmirə Məmmədova iştirak edib. 

Təlimlərdə fəza texnologiyası, mikroelektronika, layihələrin idarəedilməsi, “Copernicus” fəza ekosistemində geoinformasiya prosesləri mövzularından bəhs edilib.

Təlimlərin sonunda iştirakçılar müvafiq sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, GEOCLIC layihəsi Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin koordinatorluğu ilə həyata keçirilir. Layihədə Azərbaycan, Qazaxıstan, Türkmənistan, Almaniya, Rumıniya, Litva və Niderland universitetləri tərəfdaş kimi iştirak edirlər. Beynəlxalq layihənin əsas məqsədi sahil ekosistemlərinin ekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə yeni texnologiyalardan istifadə edərək geoməkan mühəndisliyi üzrə bakalavr, magistr və doktorantura kurrikulumlarının müasirləşdirilməsindən ibarətdir. Bununla yanaşı, layihə çərçivəsində tərəfdaş universitetlərdə GEOLAB təchizatlı innovasiya laboratoriyalarının və virtual otaqların yaradılması nəzərdə tutulub.