Mingəçevir Dövlət Universitetində GEOLAB laboratoriyasının açılışı olub

2023-cü il dekabrın 21-də Mingəçevir Dövlət Universitetində (MDU) bu ali təhsil müəssisəsinin tərəfdaşı olduğu “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşması üçün geoməkan mühəndisliyi üzrə yeni kurslar – GEOCLIC” adlı Erasmus+ layihəsi çərçivəsində yaradılan GEOLAB laboratoriyasının açılış mərasimi keçirilib.

Laboratoriyanın açılışında “Azərbaycan İES” MMC, “Mingəçevir SES” MMC, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Mingəçevir şəhər Bələdiyyəsi və digər qurumların rəhbərləri və mütəxəssisləri, eləcə də MDU-nun bir qrup akademik və inzibati heyət üzvü iştirak ediblər.

Qonaqlar laboratoriyada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 20 adda müasir cihaz və avadanlıqlarla təchiz olunmuş laboratoriyanın yaradılması “Ekologiya”, “Ekologiya mühəndisliyi”, “Energetika müəhəndisliyi” və digər mühəndislik ixtisasları üzrə tədrisin məzmununun təkmilləşdirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə hədəflənib. Laboratoriya ekologiya ilə bağlı bir sıra fənlərin tədrisi üçün istifadə olunacaq və tələbələrin praktiki bacarıqlarının inkişafına töhfə verəcək.

Dayanıqlı inkişaf əsaslı yeni dövrün universitetinə çevrilməyin başlıca hədəflərdən olduğunu diqqətə çatdıran MDU-nun rektoru Şahin Bayramov bu kontekstdə universitetdə həyata keçirilən tədris, tədqiqat və innovasiya fəaliyyətlərinin modernləşməsində bu tipli laboratoriyaların önəmindən danışıb. Laboratoriyanın qurulmasında əməyi və dəstəyi olan hər kəsə təşəkkürünü bildirən rektor əməkdaşları, tələbə və magistrantları yaradılan imkanlarından fəal surətdə faydalanmağa dəvət edib.

Sonra, müəllim və tələbə heyəti üzvləri laboratoriyanın imkanlarını müxtəlif sınaq nümunələri üzrə praktiki şəkildə nümayiş etdiriblər.

Laboratoriya ilə tanışlıq iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da tədrisin məzmununun təkmilləşdirilməsi və elmi fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə müvafiq infrastrukturların yaradılması diqqət mərkəzində saxlanılır.