2025-ci ilin 25 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mind Art Tədris Mərkəzinin təsisçisi İsa Şəfiyev İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri ilə görüş keçirib. Görüş infosessiya formatında təşkil olunub və tələbələrə “Gələcəyin Peşəkarları” təqaüd proqramı haqqında ətraflı məlumat verilib.
Proqramın əsas məqsədinin tələbələrin daha savadlı, çevik və əmək bazarında rəqabətədavamlı mütəxəssis kimi yetişməsinə dəstək göstərmək olduğu bildirilib. Təqaüdlə yanaşı, iştirakçılar müxtəlif təlimlər, seminarlar və inkişaf proqramlarında iştirak edərək nəzəri və praktiki bacarıqlarını gücləndirmək imkanı qazanacaqlar.
Bundan başqa, tələbələrin nüfuzlu korporativ şirkətlərdə təcrübə proqramlarına qoşulmaq, peşəkar mentorluq dəstəyi almaq və real iş mühitində təcrübə toplamaq imkanı əldə edəcəkləri vurğulanıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.