Mingəçevir Dövlət Universitetində “Hüquqi Yardım Platformaları” startap müsabiqəsi uğurla keçirilib

  • Post category:Mühəndislik

Mingəçevir Dövlət Universitetinin Hüquqşünası və Mühəndislik fakültəsinin birgə təşkilatçılığı ilə “Hüquqi Yardım Platformaları Startap Müsabiqəsi” uğurla başa çatıb. Tədbirin keçirilməsində əsas məqsəd hüquqi xidmətlərin rəqəmsallaşdırılması, hüquqi məlumatlara çıxışın asanlaşdırılması və vətəndaşlara innovativ həllər təqdim edən startap ideyalarının inkişaf etdirilməsi olub.

Müsabiqə çərçivəsində iştirakçılar hüquq sahəsində mövcud problemlərin texnoloji yanaşmalar vasitəsilə həllinə yönəlmiş layihələrlə çıxış ediblər. Komandalar hüquqi məsləhət xidmətlərinin avtomatlaşdırılması, onlayn hüquqi konsultasiya platformalarının yaradılması, sənədləşmə proseslərinin rəqəmsallaşdırılması, eləcə də hüquqi maarifləndirməni artıran mobil tətbiq konsepsiyaları üzrə ideyalarını təqdim ediblər.

Tədbir zamanı layihələr innovativ yanaşma, praktik tətbiq imkanları, istifadə rahatlığı və sosial təsir meyarları əsasında qiymətləndirilib. İştirakçılar təqdimatlar zamanı həm hüquqi biliklərini, həm də texnoloji düşünmə bacarıqlarını nümayiş etdirərək yüksək hazırlıq səviyyəsi ilə seçiliblər.

Müsabiqədə universitetin hüquqşünası Polad Atayev də iştirak edərək təşkilati prosesə və təqdim olunan ideyaların qiymətləndirilməsinə töhfə verib. Onun iştirakı tədbirin həm akademik, həm də praktik əhəmiyyətini artırıb.

Sonda ən uğurlu layihələrin gələcəkdə inkubasiya və inkişaf mərhələsinə yönləndirilməsi, həmçinin real hüquqi xidmət mühitində tətbiqi imkanlarının araşdırılması nəzərdə tutulub.

Qeyd olunub ki, bu kimi təşəbbüslərin davamlı təşkili tələbələr və gənc tədqiqatçılar arasında innovativ hüquqi həllərin formalaşmasına və inkişafına mühüm töhfə verir.