Mingəçevir Dövlət Universitetində “İnklüziv mühitə adaptasiya və psixoloji dəstək” mövzusunda praktiki təlim keçirilib

  • Post category:Pedaqogika

2026-cı ilin 5 iyun tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “İnklüziv mühitə adaptasiya və psixoloji dəstək” mövzusunda praktiki təlim keçirilib.

Tədbirin məqsədi inklüziv cəmiyyətin formalaşdırılmasına töhfə vermək, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların sosial adaptasiya prosesinə və psixoloji rifahının gücləndirilməsinə dəstək göstərmək olub.

Təlimi giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin sosial məsələlər üzrə müşaviri çıxışında inklüzivliyin, bərabər imkanların təmin edilməsinin və psixoloji dəstəyin cəmiyyətin dayanıqlı inkişafındakı rolundan bəhs edib, bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin moderatoru, Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri Könül Cabbarova təlim proqramının məqsəd və vəzifələri barədə məlumat verərək mövzunun aktuallığını diqqətə çatdırıb.

Təlim proqramı çərçivəsində universitet həyatına uğurlu adaptasiya, stressin idarə olunması və emosional sağlamlıq, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyası, qrup psixoloji terapiyası, eləcə də psixoloji özünüqiymətləndirmə və refleksiya mövzularında təqdimatlar və interaktiv sessiyalar keçirilib.

Pedaqogika və psixologiya kafedrasının müəllimləri İlhamə İsmayılova, Nərgiz Niftəliyeva, Aydın Kərimov və Gülnar Məmmədova, həmçinin Uşaq və ailələrə dəstək mərkəzinin müəllimi Yasəmən Rəsulova tərəfindən təqdim olunan mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb. Təlim zamanı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir inklüziv dəyərlərin təşviqi, psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin sosial inteqrasiyasına dair maarifləndirmə baxımından əhəmiyyətli olub.

Təlimin sonunda iştirakçılara psixoloji dəstək və inklüziv yanaşmalarla bağlı maarifləndirici bukletlər təqdim olunub, bütün iştirakçılara isə təlim proqramında iştiraklarını təsdiq edən sertifikatlar verilib.