Mingəçevir Dövlət Universitetində kənd təsərrüfatının iqlim dəyişiklikləri şəraitində dayanıqlı inkişaf perspektivlərinə həsr olunmuş “İqlimə Dayanıqlı Kənd Təsərrüfatı: Müasir Çağırışlar və Adaptasiya Mexanizmləri” mövzusunda təlim təşkil edilib. Təlimdə tələbələr və gənc tədqiqatçılar iştirak ediblər. Tədbir çərçivəsində kənd təsərrüfatı sektorunda müşahidə olunan iqlim riskləri, su ehtiyatlarının idarə olunması, torpaq münbitliyinin qorunması və məhsuldarlığın dəyişən iqlim şəraitinə uyğunlaşdırılması məsələləri geniş şəkildə təhlil olunub. Təlim zamanı çıxış edən İqtisadiyyat kafedrasının müəllimi Kənan Abbasov kənd təsərrüfatında temperatur artımı, yağıntı rejiminin dəyişməsi, quraqlıq hallarının intensivləşməsi və ekstremal hava hadisələrinin aqrar istehsala təsiri barədə elmi əsaslandırılmış məlumat təqdim edib, eləcə də bu istiqamətdə beynəlxalq nümunələr əsasında müqayisəli təhlillər aparılıb. Təlimdə bildirilib ki, müasir mərhələdə kənd təsərrüfatının davamlılığının qorunması üçün ən vacib istiqamətlərdən biri resurslardan səmərəli istifadə və adaptiv idarəetmə modelinə keçiddir. Xüsusilə damcı suvarma texnologiyalarının tətbiqi, su itkisini minimuma endirən sistemlərin qurulması, meteoroloji erkən xəbərdarlıq mexanizmlərinin genişləndirilməsi və fermerlərin rəqəmsal məlumat platformalarına çıxış imkanlarının artırılması mühüm amil kimi qeyd olunub. Müzakirələr zamanı iqlim dəyişikliklərinə davamlı toxum sortlarının seçilməsi, duza və quraqlığa davamlı əkin materiallarının istifadəsi, həmçinin torpaq analizlərinə əsaslanan gübrələmə metodlarının kənd təsərrüfatında məhsuldarlığın saxlanılmasına ciddi töhfə verdiyi vurğulanıb. Qeyd edilib ki, aqrar sektorda rəqəmsallaşma yalnız istehsalın idarə edilməsini deyil, eyni zamanda risklərin əvvəlcədən qiymətləndirilməsini də mümkün edir. Təlim iştirakçılarına Azərbaycanda kənd təsərrüfatının iqlim çağırışlarına uyğun inkişafı istiqamətində dövlət siyasəti, subsidiya mexanizmləri və innovativ yanaşmalar barədə də məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatında dayanıqlılığın təmin olunması ölkənin ərzaq təhlükəsizliyi, regional inkişaf və ekoloji tarazlığın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında suallar səsləndirilib, fikir mübadiləsi aparılıb və gələcəkdə iqlimə uyğun aqrar idarəetmə üzrə praktik təlimlərin davam etdirilməsinin vacibliyi qeyd olunub