MDU-da “İnformasiya təhlükəsizliyi günləri” keçirilir

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) “30 Noyabr – Beynəlxalq İnformasiya Təhlükəsizilyi Günü” münasibətilə “İnformasiya təhlükəsizliyi günləri”nə (İTG) start verilib. 2022-ci ilin 24-25 noyabr tarixlərində İTG çərçivəsində MDU-da tələbələrin elmi-praktiki seminarı keçirilib.

Seminarın açılışında universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış ediblər. Açılış nitqlərində informasiya təhlükəsizliyinin aktuallığından, bu sahədə müasir tələblərə uyğun mütəxəssislərə ehtiyacın artmasından və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələlərindən bəhs edilib, seminarın önəmi vurğulanıb.

İnformasiya təhlükəsizliyinə həsr olunmuş video-çarx izlənildikdən sonra seminarda məruzələr dinlənilib.

Seminarın ilk günündə MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən İlman Əliyev “Kiber və şəbəkə təhlükəsizliyi texnologiyalarının üstünlükləri və çatışmazlıqları, Fidan Əliyeva “E-ticarət üçün təhlükələr”, Zaur Səfizadə “Ortada Adam Hücumu (Man in the Middle attack – MITM) və aşkarlanma mexanizmi”, Aygün Məlikova “Kibertəhlükəsizlik: texnologiyaları, tətbiq sahələri və inkişafı” və İlahə Balakişiyeva “Sosial şəbəkələrdə gizlilik və təhlükəsizlik problemləri” mövzusunda çıxış ediblər.

Noyabrın 25-də keçirilən növbəti seminar günündə həmin fakültənin tələbələrindən Məleykə Mahmudlu “Rəqəmsal imza: imkanları və perspektivləri, Nihat Xəlilov “Bulud texnologiyalarında istifadə olunan təhlükəsizlik alətləri”, Rəhman Əliyev “Kiber Təhlükəsizlik Sertifikatları və siyasətləri”, Ruhiyyə Məmmədova “Təhlükəsizlik risklərinin təhlili” və Ülviyyə Əhmədova “Təhlükəsizlikdə Haker anlayışı, növləri, üstünlüklər və çatışmazlıqlar” mövzusunda məruzələrini təqdim ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb. Müzakirələrdə MDU-da cari tədris ilində qonaq alim kimi fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu, “Veysəloğlu” Şirkətlər Qrupunun İT Əməliyyatları üzrə bölgə müdiri və MDU məzunu Rəşad Salehov iştirak edib və tələbələrə müvafiq tövsiyələrini bildiriblər.

Qeyd edək ki, MDU-da İTG çərçivəsində müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.