Mingəçevir Dövlət Universitetində Fizika və Ekologiya kafedrasının müəllimi Ayşən Salmanova tərəfindən Ekologiya ixtisasının 24 qrupu üçün “Kampusda Tullantıların Azaldılması və Təkrar Emal İnfrastrukturunun Qurulması” mövzusunda təlim təşkil olunub. Təlimdə universitet kampusunda tullantıların idarə edilməsi, onların azaldılması strategiyaları və təkrar emal sistemlərinin qurulması məsələləri müzakirə edilib. Tələbələr mövzu ətrafında aktiv müzakirələr apararaq kampusda davamlı tullantı idarəçiliyi modelinin tətbiqi yolları barədə fikir mübadiləsi ediblər.
Təlim mövzusunun əsas istiqaməti tullantıların mənbədə azaldılması strategiyaları olub. Bildirilib ki, birdəfəlik məhsulların istifadəsinin azaldılması, təkrar istifadə sistemlərinin tətbiqi, kağızsız kampus təşəbbüsləri, yaşıl satınalma siyasəti və uzun ömürlü, təmirə yararlı avadanlıqların alınması tullantıların qarşısının alınmasında əsas rol oynayır. Təkrar istifadə edilə bilən qabların təşviqi, öz stəkanını gətirənlərə endirim sistemi və “çap etməzdən əvvəl düşün” siyasəti kimi praktiki tədbirlər müzakirə olunub.
Təlim zamanı kampusda təkrar emal infrastrukturunun qurulması məsələlərinə geniş yer ayrılıb. Toplama məntəqələrinin strateji yerləşdirilməsi, rəng kodlaşdırması və etiketləmə standartları, ikili toplama sistemi, xüsusi tullantıların (elektron, təhlükəli, tekstil) toplanması və müvəqqəti saxlama ilə daşınma lojistikası barədə ətraflı məlumat verilib. Beynəlxalq standartlara uyğun rəng kodları – mavi (kağız), sarı (plastik/metall), yaşıl (şüşə), qəhvəyi (üzvi tullantılar) izah edilib.
Üzvi tullantıların idarəsi və kompostlaşdırma mövzusunda geniş təqdimat edilib. Yeməkxana mətbəxi, yemək qalıqları və yaşıllıq sahələrindən çıxan budaqlar və yarpaqlar kimi üzvi tullantı mənbələri müəyyən edilib. Açıq sahə kompostu, vermikompost (qurd kompostu) və Bokashi üsulu kimi kompostlaşdırma texnologiyaları barədə məlumat verilib. Əldə edilən kompostun kampusdakı yaşıllıq sahələrində gübrə kimi istifadəsi və tələbələrə paylanması imkanları müzakirə olunub.
Təlimin yekun hissəsində maarifləndirmə, motivasiya və davamlılıq məsələləri müzakirə edilib. Tələbələrin maarifləndirilməsi, təkrar emal elçiləri (könüllülər) sisteminin qurulması, oyunlaşdırma (gamification) üsulu ilə yataqxanalar arasında yarışların təşkili, toplanan tullantı miqdarını göstərən rəqəmsal ekranların quraşdırılması, aylıq tullantı statistikasının tutulması və illik davamlılıq hesabatının hazırlanması kimi tədbirlər barədə ətraflı müzakirələr aparılıb.
Təlimin yekununda iştirakçılarla interaktiv müzakirə aparılıb, suallar cavablandırılıb. Təlim iştirakçıları – tələbələr Əliyeva Fatimə, Məmmədova Gülcanə və Mustafazadə Hafizə və Zülfəliyev Ələkbər etdikləri biliklər barədə təəssüratlarını bölüşüblər. Əliyeva Fatimə kampus metabolizması və tullantı auditinin aparılması metodları haqqında məlumatları maraqla qarşıladığını, Məmmədova Gülcanə kompostlaşdırma texnologiyaları və üzvi tullantıların idarə edilməsi barədə yeni biliklər əldə etdiyini, Mustafazadə Hafizə və Zülfəliyev Ələkbər isə təkrar emal infrastrukturunun qurulması və rəng kodlaşdırması sisteminin praktiki tətbiqinin əhəmiyyəti barədə fikirlərini bildirib. Qeyd olunub ki, kampusda tullantıların azaldılması və təkrar emal infrastrukturunun qurulması hər bir tələbə və əməkdaşın fəal iştirakını tələb edən kollektiv məsuliyyət məsələsidir.