MDU-da akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub

2024-cü ilin 25 aprelində Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunan “Azərbaycan xalqının qürurla andığı görkəmli alim, dəyərli ziyalı, fədakar ana: Zərifə xanım Əliyeva” mövzusunda elmi konfrans keçirilib. 

Konfransda MDU-nun professor-müəllim heyəti, tələbə və magistrantları iştirak edib.

Öncə akademikin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

Tədbiri açan MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova mövzu ilə bağlı çıxış edərək, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirib ki, görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilib və 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.  E.Cəfərova çıxışının sonunda Zərifə Əliyevanın həyat və yaradıcılıq fəaliyyətinin müasir gənclərə bir örnək olduğunu vurğulayıb.

Görkəmli akademikin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildikdən sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun dosenti, filologiya elmləri doktoru Flora Namazova “Akademikin parlaq və unudulmaz obrazı”, MDU-nun baş müəllimləri, f.ü.f.d. Səadət Ağakişiyeva,  “İki prezidentin həyatına nur saçan zərif ziyalı qadın – Zərifə Əliyeva”, f.ü.f.d. Maarifə Manafova “İnsanlara işıqlı həyat bəxş etmiş görkəmli alim”, f.ü.f.d. Ayna Babazadə “Böyük ziyalılıq və xeyirxahlıq nümunəsi – Zərifə xanım Əliyeva” adlı mövzularda çıxış ediblər.

Məruzələrdən sonra MDU-nun  Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxışlar haqqında müsbət fikirlərini söyləyib. Bildirib ki, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə hər zaman xüsusi yer verib. Təbabətdə öz dəst-xətti olan novator alimin yorulmadan apardığı tədqiqatlar, yaratdığı əsərlər müasir dövrdə də aktuallığını itirməyib. V.Mustafayev əvəzolunmaz alimin əziz xatirəsinin daim ehtiramla yad olunacağını, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıb.

Sonda konfransın mövzusuna dair müzakirələr aparılıb.