Məktəblilərin MDU-nun laboratoriyaları ilə tanışlığı davam edir

Mingəçevir Dövlət Universiteti (MDU) Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi (DİRİTM) və Mingəçevir şəhər Təhsil şöbəsinin təşkilatçılığı ilə  Mingəçevir şəhər Vaqif Ağakişiyev adına 12 saylı tam orta məktəbin şagirdləri üçün “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti maarifləndirici görüş keçirilib.

Görüş MDU-nun  Geolab və Kimya laboratoriyalarında aparılıb.

Giriş söz üilə çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva və Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” seçilməsinin əhəmiyyəti haqqında məlumat verib, Mingəçevirdə və MDU-da bu istiqamətdə görülən işlər barədə söhbət açıblar.

Sonra, şagirdlər MDU-nun müəllimləri Aytac Cavadova və Lalə Rəsulovanın köməkliyi ilə laboratoriyalarda müxtəlif sınaq və təcrübələr aparıblar. Geolab laboratoriyasında müxtəlif su nümunələri üzərində təcrübə prosesləri həyata keçerilib, distillə suyu, Kür çayı və hazırlanmış natrium nitrat məhlununun “Pasco Salanity Sensor” cihazı vasitəsilə temperatur, duzluluq və keçiriliciyinə aid dəyərlər yoxlanılıb. Kimya laboratoriyasında isə “ECOZone” cihazı vasitəsilə qurulmuş 3 mühitin qarşılıqlı əlaqəsilə oksigen, karbon qazı konsentrasiyaları və suda həll olmuş oksigenin parametrləri yoxlanılıb.

Görüş şagirdlər tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevirdə müxtəlif formatlı tədbirlər keçirilir.