MDU əməkdaşı “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” mövzusunda beynəlxalq konfransda çıxış edib

  • Post category:MDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Mexanika kafedrasının dosenti Vüqar Mustafayev 2022-ci ilin 26-29 oktyabr tarixlərində Azərbaycan Elm və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti və Türkiyənin Sakarya Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “IV təbiət elmləri və mühəndislikdə ixtiralar” (4th International Conference on Innovations in Natural Sciences and Engineering – ECINSE 2022) mövzusunda beynəlxalq elmi-praktiki konfransda fəal təmsil olunub.

Konfransın bölmə iclasında çıxış edən dosent V.Mustafayev “Cemsin konik dişli çarx reduktorunun yeni konstruktiv variantı” adlı məruzəsində Cemsin reduktorunun konik dişli çarxlardan ibarət variantında ikinci satellitin əlavə edilməsi vasitəsilə daha yüksək ötürmə nisbətinin və digər üstünlüklərə malik olan yeni konstruksiyalı planetar reduktorun kinematik sxemini təklif edib.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. Sonda konfransda fəal iştirakına görə V.Mustafayevə müvafiq sertifikat təqdim edilib. Qeyd edək ki, hazırda müasirləşməkdə olan MDU-da elmi potensialın inkişaf etdirilməsi məqsədilə akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə təşkil olunan elmi tədbirlərdə iştirakına xüsusi önəm verilir.