Mingəçevir Dövlət Universitetinin dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib

  • Post category:MDU xəbərləri

Almaniya Türk Mədəniyyəti Platformasının təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə onlayn beynəlxalq konfrans keçirilib. Konfransa Milli Məclisin deputatları Jalə Əliyeva, Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova və Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov dəvət olunublar.

Konfransın açılışını Almaniya Türk Mədəniyyəti Platformasının rəhbəri Cəmaləddin Özdəmir edib və Beynəlxalq Ana Dili Gününün tarixini iştirakçılara təqdim etmişdir. 21 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 tələbənin şəhid olması və sonradan həmin günün Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması barədə məlumat verilmişdir.

Milli Məclisin deputatı Jalə Əliyeva öz çıxışında ana dilimizin dövlət dili statusuna yüksəlməsi yolunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açmış, Ulu Öndərin sovetlər dönəmində ana dilimizin inkişafı uğrunda apardığı siyasəti vurğulamışdır. Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V, VI çağırış deputatı Mehriban Vəliyeva isə ana dilimizin mənəvi diriliyi və zənginliyi haqqında danışmış, ümummilli lider Heydər Əliyevin dil siyasətinin Azərbaycan xalqı üçün əvəzolunmaz olduğunu qeyd etmişdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Həcər Hüseynova ana dilimizin qədimliyini və zənginliyini vurğulayaraq, onun gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir. Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov isə “Heydər Əliyev və Ana dili” mövzusunda məruzə təqdim etmişdir. O, Ulu Öndərin dil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ana dilinin milli mənəvi dəyərlər arasında ən ali və ən böyük dəyər olduğunu vurğulamışdır.

Konfrans məruzələr ətrafında müzakirələr və video-çarxların nümayişi ilə davam etmişdir. Bu tədbir, ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi yolunda mühüm bir addım olmuşdur. Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafovun çıxışı isə dilimizin əhəmiyyətini bir daha xatırlatmış, onun qorunması və inkişaf etdirilməsi məsələsində hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğuna diqqət çəkmişdir.