MDU-da Anım Gününə həsr olunan mühazirə keçirilib

  • Post category:MDU xəbərləri

2023-cü ilin sentyabrın 27-də Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü”nə həsr olunan “27 sentyabr: həqiqət məqamına ucaldığımız gün” mövzusunda mühazirə keçirilib. Universitetin kiçik akt zalında keçirilən mühazirədə MDU-nun bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantlar iştirak edib.

Mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova, 44 günlük Vətən müharibəsini Azərbaycan tarixinin ən qürurlu və şanlı səhifələrindən olduğunu qeyd edib. Anım Günündə tarixi Zəfər yürüşünün əsas qəhrəmanları olan şəhidlərimizi dərin hörmət və ehtiramla yad etdiyimizi bildirən E.Cəfərova onların əziz xatirəsinin heç vaxt unudulmayacağını deyib. Tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin və tarixi həqiqətlərin gənclərə aşılanmasının önəmini diqqətə çatdıran kafedra müdiri təşkil edilmiş mühazirənin əhəmiyyətini vurğulayıb.

Sonra, Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov məruzə ilə çıxış edib. Məruzədə tarix boyu ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və təcavüzkarlıq siyasətlərindən, erməni terrorçuluğu və vandalizminin faciəvi nəticələrindən, 44 günlük Vətən müharibəsindən, tarixi Zəfərin qazanılmasını şərtləndirən əsas amillərdən, post-müharibə dövründə regionda yaranan yeni geosiyasi reallıqlardan, Böyük Qayıdış proqramından, Qarabağda 24 saatdan az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin olunmasından və digər məsələlərdən bəhs edilib.

Tələbə və müəllim kolektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzə ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Qeyd edək ki, sözügedən mühazirə “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı”na əsasən keçirilib.