MDU-da “Regional İnkişaf” İctimai Birliyinin məlumatlandırma görüşü keçirilib

  • Post category:MDU xəbərləri

2022-ci ilin 17 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Aran-2 regional mərkəzinin təşkilatçılığı ilə könüllülük fəaliyyəti barədə məlumatlandırma görüşü keçirilib. Görüşdə universitetin tələbə və magistrantları iştirak ediblər.

RİİB Aran-2 regional mərkəzin rəhbəri Elmir Həsənov Birliyin könüllülük fəaliyyətinin missiyası, dəyərləri, əhatə dairəsi və istiqamətləri barədə məlumat verib, könüllülük fəaliyyətinə cəlb olunmağın əhəmiyyətindən bəhs edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.