MDU-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş elmi-praktik seminar keçirilib

  • Post category:Pedaqogika

Mingəçevir Dövlət Universitetində (MDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş elmi-praktik seminar təşkil olunub.

Seminarın əsas məqsədi uşaqların hüquqlarının müdafiəsi, onların sağlam və təhlükəsiz mühitdə inkişafı, eləcə də müasir dövrdə rəqəmsal mühitdən qaynaqlanan risklərdən qorunması istiqamətində maarifləndirici müzakirələrin aparılması olub.

Tədbiri giriş sözü ilə MDU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Könül Cabbarova açaraq uşaqların sağlam, təhlükəsiz və milli-mənəvi dəyərlər əsasında formalaşmasının cəmiyyətin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, uşaqların hüquqlarının qorunması, keyfiyyətli təhsil imkanları ilə təmin olunması və rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinin müasir dövrün əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Seminar çərçivəsində müxtəlif mövzularda elmi məruzələr təqdim olunub. Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Valideyn və uşaq arasında ünsiyyətin tranzakt analizı” mövzusunda çıxış edərək ailədaxili ünsiyyətin uşağın psixoloji inkişafına təsirini elmi aspektdən şərh edib.

MDU-nun hüquqşünası Polad Atayev “Uşaq hüquqları və onun müdafiəsi yolları” mövzusunda məruzəsində uşaqların hüquqlarının qorunmasının hüquqi mexanizmləri və mövcud müdafiə vasitələri barədə geniş məlumat verib.

Daha sonra Pedaqogika və psixologiya kafedrasının müəllimi Günel Nəcəfova “İnklüziv gələcəyə doğru: uşaqların rəqəmsal mühitdə qorunması və təhsildə bərabərlik” mövzusunda təqdimatla çıxış edərək rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi və inklüziv təhsil imkanlarının genişləndirilməsi məsələlərinə toxunub.

Tədbir zamanı uşaqların hüquqlarının qorunması, onların milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, inklüziv təhsil imkanlarının genişləndirilməsi və rəqəmsal təhlükəsizlik mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda seminar iştirakçıları tədbiri uşaqların inkişafı və müdafiəsi istiqamətində əhəmiyyətli maarifləndirici platforma kimi yüksək qiymətləndiriblər.