MDU-nun əməkdaşları DİM-in konfransında

  • Post category:Xəbərlər (AZ)

MDU-nun əməkdaşları DİM-in konfransında

Şəki şəhərində “Marxal Resort&Spa”da “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda konfrans keçirilib.

Konfransın respublikanın 5 bölgəsində keçirilməsi planlaşdırılıb. Şəki şəhərində keçirilən konfransda rayon icra hakimiyyəti və AMEA-nın Şəki Regional Elmi Mərkəzinin rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının rektor və müəllim heyəti, təhsil şöbələrinin müdirləri, imtahan rəhbərləri və nəzarətçi-müəllimlər, Şəki, Bərdə, Göyçay regional bölmələrin nümayəndələri iştirak edib.

Mingəçevir şəhərini Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Elnur Xəlilov, Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini, Mətbuat xidmətinin rəhbəri Nazim Niftəliyev və 7 saylı məktəbin müəllimi Könül Yusifova təmsil ediblər.

Qeyd edək ki, konfransın işində iştirak edən MDU əməkdaşları DİM-in Mingəçevir şəhərində keçirdiyi imtahanlarda imtahan rəhbərləri kimi iştirak ediblər.

Plenar iclasda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra DİM əməkdaşları tərəfindən təqdimatlar edilib və Bakı və regionlarda təşkil edilən konfranslarda imtahanların texnologiyasında 2019-cu ildə mərkəz tərəfindən həyata keçiriləcək imtahanları fərqləndirən parametrlər, il ərzində keçirilən imtahanlara dair ümumi statistik məlumatlar, Mərkəzin təqdim etdiyi elektron xidmətlərin üstünlükləri, buraxılış imtahanlarında qiymətləndirmə prosesinin mərhələləri, qəbul imtahanları üçün ölçmə və qiymətləndirmə materiallarının hazırlanma prosesi, imtahana hazırlaşanlar üçün nəşr olunan elmi-metodiki vəsaitlər, “Şagird – məzun”, “Tələbə – məzun” elektron informasiya ehtiyatları, “Dövlət qulluqçularının Reyestri xidməti”, dövlət qulluğu sahəsində görülən işlər, dövlət qulluğuna qəbul üzrə keçirilən müsabiqə və müsahibələr barədə məlumat verilib.

Tədbirin sonunda DİM tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar “Fəxri fərmanla” təltif edilib.

Qeyd edək ki, təltif edilənlər arasında Mingəçevir şəhər 7 saylı tam orta məktəbin müəllimi Könül Yusifova da vardı.

{phocagallery view=category|categoryid=69|limitstart=0|limitcount=0}