MDU tələbələri Mingəçevir Şəhər İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa vurublar

  • Post category:Könüllülük

2022-ci ilin fevralın 1-dən martın 31-dək Mingəçevir Şəhər İcra Hakimiyyətində təşkil edilmiş könüllülük fəaliyyətinə Mingəçevir Dövlət Universitetinin (MDU) 10 tələbəsi cəlb olunub. Mingəçevir Şəhər İcra Hakimiyyətində iki aylıq könüllülük fəaliyyətini başa vuran gənclərlə keçirilən görüşdə MDU-nun sözügedən tələbələri də iştirak ediblər.

Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gəncləri təbrik edərək  könüllüllük hərəkatının əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri ötürmək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanılmışdır. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunur, gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu vurğulayan başçı könüllülərə müvafiq tövsiyələrini çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Könüllülər çıxış edərək  Mingəçevir  İcra Hakimiyyətində təcrübə keçmələri üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildirib, bu təcrübənin onların gələcək fəaliyyətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

Sonda könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, gənclərin dövlətə, xalqa və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsini, onların hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin çoxşaxəli könüllülük fəaliyyətinə cəlb olunmasına və bununla bağlı bütün zəruri dəstək tədbirlərinin həyata keçirilməsinə xüsusi önəm verilir.