MDU tələbələri Mingəçevir Sənaye Parkında

  • Post category:Xəbərlər (AZ)

MDU tələbələri Mingəçevir Sənaye Parkında

15 noyabr 2018-ci il tarixdə Mingəçevir Dövlət Universitetinin Mexanika kafedrasında kadr hazırlığı aparılan “Çoxişlənən malların texnologiyası” mühəndisliyi ixtisası üzrə ÇM18 saylı qrup tələbələri Mingəçevir Sənaye Parkının Pambıq İplik Fabrikində ekskursiyada olmuşlar. “Mingəçevir Tekstil” MMC-nin texniki direktoru, dosent Mustafa Məmmədovun müşayətilə universitetin Mexanika kafedrasın əməkdaşları kafedra müdiri, dosent Mahir İsmayılov, baş müəllim Rövşən Mustafayev, ixtisas müəllimi Şəfa Əliyeva və tələbələr istehsal prosesi və müasir texnoloji avadanlıqlarla yaxından tanış olmuşlar.

Mustafa Məmmədov qeyd etmişdir ki, ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi Mingəçevir Sənaye Parkında inşa edilir. “Mingəçevir Tekstil” MMC 27 fevral 2018-ci il tarixində açılmışdır. Müasir texnologiyalar əsasında yaradılmış bu fabriklər Almaniya, İsveçrə, Türkiyə, İspaniya, Hindistan, İtaliya və Yaponiyanın aparıcı şirkətləri olan Rieter, Schlafost, Trützscher, Temsan, Savio, Murates, Elektro-Jet və Uster-in avadanlıqları ilə təchiz edilmişdir.

Mustafa Məmmədov onu da bildirmişdir ki, fabriklərdə pambıq mahlıcından ildə 20 min ton, 10 min ton “Ring” üsulu və 10 min ton “Open End” üsulu ilə iplik (sintetik-qarışıq və 100%-pambıq iplik) istehsalı nəzərdə tutulur. Hazırda pambıq emalı fabrikində iki sex fəaliyyət göstərir: 1.”Open End” sexinin ümumi sahəsi – 15438 m2, illik istehsal gücü 10000 ton, 2. “Ring” sexinin ümumi sahəsi – 19422 m2, illik istehsal gücü 10000 ton. 3-cü fabrikin tikinti quruculuq işləri həyata keçirilir, 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Fabrikdə hazırda 650 nəfər işci çalışır.

Mexanika kafedrasın müdiri, dosent Mahir İsmayılov öz növbəsində Mustafa Məmmədova və Sənaye Parkının rəhbərliyinə yaradılan şəraitə görə universitet rəhbərliyi adından təşəkkürünü bildirib.