Mingəçevir Dövlət Universitetində “Web 2.0 alətləri ilə tədrisin modernləşdirilməsi” üzrə peşəkar təlim keçirilib

11 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Mühəndislik fakültəsinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Web 2.0 alətləri ilə tədrisin modernləşdirilməsi” mövzusunda peşəkar təlim keçirilib. Təlim tədrisin daha interaktiv və effektiv aparılması məqsədilə Web 2.0 texnologiyalarının tədris prosesinə inteqrasiyasını əhatə edib.
Təlimçilər kafedranın müəllimləri Nərmin Əhmədova və Validə Nuriyeva iştirakçılara Web 2.0 alətlərinin tədris sahəsindəki rolunu və bu alətlərin dərs prosesinə necə tətbiq oluna biləcəyini ətraflı şəkildə izah ediblər. Təlimdə, onlayn dərslərin daha cəlbedici və interaktiv hala gətirilməsi üçün müxtəlif alət və platformalardan istifadə üsulları, həmçinin bu alətlərin tələbələrin motivasiyasını artırmağa necə kömək etdiyi müzakirə edilib.
Təlim universitetin müəllim heyətinin informasiya texnologiyalarından istifadə bacarıqlarını artırmağa və müasir tədris metodlarını daha effektiv tətbiq etməyə kömək etməyi hədəfləyib. İnteraktiv dərs alətləri ilə tədrisin daha dinamik və tələbə yönümlü hala gətirilməsi məqsədilə keçirilən bu tədbir, universitetin tədris prosesinin müasirləşdirilməsinə və beynəlxalq təhsil standartlarına uyğunlaşdırılmasına töhfə verəcək.
MDU-nun Mühəndislik fakültəsi gələcəkdə də tədrisin keyfiyyətini artırmaq məqsədilə bu cür təlimlərin təşkilini davam etdirməyi planlaşdırır.