2024-cü il mayın 7-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhəri üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə növbəti mühazirə keçirilib.
Mingəçevir şəhər Vaqif Ağakişiyev adına 12 saylı tam orta məktəbdə “Xalqının taleyinə nur saçan siyasət nəhəngi: Heydər Əliyev” mövzusunda keçirilən mühazirədə MDU-nun bir qrup əməkdaşı, tələbə və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin tədris işləri üzrə direktor müavini Sevinc Behbudova ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi müstəsna xidmətləri, onun vətənə,millətə bağlılığı barədə məlumat verib. Onun azərbaycançılıq ideologiyasının öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və gələcək nəsilə ötürülməsinin vacibliyinin vurğulayan S.Behbudova keçirilən mühazirənin bu baxımdan əhəmiyyətini diqqətə çatdırıb.
Sonra Ulu öndərin həyat yolundan bəhs edən video-çarx nümayiş etdirilib.
Daha sonra mühazirənin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və xilaskarıdır” və baş müəllimi Səadət Ağakişiyeva “Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi: Heydər Əliyev” mövzularında məruzələrlə çıxışlar ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.