MDU əməkdaşları Danimarka səfəri ilə bağlı təəssüratlarını bölüşüb

2024-cü il mayin 6-da Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatoru olduğu “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ layihəsi ilə bağlı görüş keçirilib. Səfərin əsas məqsədi  yerli və tərəfdaş universitetlərin alternativ və bərpa olunan enerji sahəsi üzrə mövcud kurrikulumların təkmilləşdirilməsi və innovativ yönümlü istiqamətləndirilməsidir.

Görüşdə MDU-nun bir qrup professor-müəllim heyəti üzvləri, tələbə və magistrantlar iştirak edib. 15-19 aprel 2024-cü il tarixlərində Danimarkanın Danimarka Texniki Universitetinə (DTU) səfər etmiş MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatırı Samirə Əhmədova səfərdə əldə etdiyi təcrübəni iştirakçılarla bölüşüb.

Görüşdə DTU-nun Davamlı enerji sistemləri ixtisası üzrə hər iki təhsil səviyyəsinin tədris proqramları, tədris prossesi haqqında, DTU Mühəndislik (DTU Engineering) fakültəsinin Gələcək enerji ixtisası fənlər və qəbul şərtləri, eləcə də Danimarkanın külək enerjisi və dayanıqlı enerji texnologiyaları ixtisasları üzrə tədris proqramları, tədris olunan fənlər və qəbul tələbləri haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, ümumi dəyəri 703 min avro olan “REFRESH” layihəsinin məqsədi bərpa olunan enerji mənbələri üzrə universitetlərdə milli kadr hazırlığı ilə yanaşı, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədindən irəli gələn vəzifələrin icrasına mühüm töhfələr qazandırmaqdır. Layihə 3 il müddəti əhatə edir və konsorsiumu 6 yerli, 4 Avropa universiteti (İspaniyanın Barselona Universiteti, İtalyanın Bolonya Universiteti, İsveçin Royal Texnologiya Universiteti, Danimarka Texniki Universiteti) və qeyri-hökumət təşkilatı olmaqla, 15 tərəfdaşdan ibarətdir.